Avstriya rəhbərliyi Adolf Hitlerin doğulduğu binanın neonasistlər üçün simvol və ziyarət nöqtəsinə çevrilməməsi üçün həyata keçirilən transformasiya layihəsini tamamlayıb və binanı polis bölməsi kimi istifadəyə verib.
Avropa.info xəbər verir ki, Adolf Hitler 1889-cu il aprelin 20-də Avstriyanın Almaniya ilə sərhədində yerləşən Braunau am Inn qəsəbəsində kirayəlik mənzildə anadan olub.
Transformasiya ilə bina narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə ixtisaslaşmış polis bölməsinin istifadəsinə verilib.
Dönüşüm prosesi və mübahisələr
Təxminən 20 milyon avroya başa gələn təmir işləri uzun ictimai müzakirələrdən sonra binanın ifrat sağçı ekstremistlər tərəfindən simvollaşdırılmaması üçün aparılıb.
Hətta binadakı təmir qalıqları da suvenir və ya simvola çevrilməməsi üçün gizli yerdə məhv edilib.
Açılış mərasimində çıxış edən Avstriyanın daxili işlər naziri Gerhard Karner binanın hazırda demokratiya, qanunun aliliyi, təhlükəsizliyin və insan ləyaqətinin simvoluna çevrildiyini bildirib.
İfrat sağçı ekstremistlərin səfərlərinin və simvolik hərəkətlərinin qarşısının alınması məqsədilə ekspert komissiyasının tövsiyəsi əsasında rəsmi inzibati struktura çevrilən bina əvvəllər əlillər üçün qayğı mərkəzi kimi fəaliyyət göstərib.
Binanın qarşısında yerləşən və 2011-ci ildən boş qalan Mauthauzen həbs düşərgəsindən gətirilən xatirə daşı yerində qalacaq.





























