Ukrayna ordusu Azov dənizində bir gecə ərzində Rusiyaya məxsus təxminən 28 gəmini vurub.
Avropa.info xəbər verir ki, bu barədə Ukrayna Pilotsuz Sistemlər Qüvvələri (PSQ) məlumat yayıb.
Bildirilib ki, hazırda əlavə kəşfiyyat aparılır və yekun rəqəm arta bilər.
Rostov vilayətinin qubernatoru Yuri Slyusar Taqanroq yaxınlığındakı boğazda 4 gəminin zərər gördüyünü təsdiqləyib. Onun sözlərinə görə, zərbə nəticəsində zədələnən gəmilərdən ən azı biri tankerdir və bir dənizçi də həyatını itirib.
Ukrayna tərəfi həmçinin bildirib ki, son altı gün ərzində Rusiyanın “kölgə donanması”na məxsus ümumilikdə 76 tanker vurulub.
Eyni zamanda, Ukrayna dronlarının kütləvi hücumundan sonra Rusiyanın Azov-Don gəmi kanalını bağladığı da vurğulanıb:
“Rusiya Sərhəd Xidməti Don çayını Azov dənizi ilə birləşdirən kanal üzrə gəmilərin keçidi üçün yeni müraciətləri qəbul etmir. Kerç boğazında da gəmi hərəkəti müvəqqəti dayandırılıb”.
Qeyd edək ki, daha öncə Ukrayna Rusiyaya məxsus 18 gəmini vurduğunu açıqlamışdı.




























