“Güzəran” Sosial araşdırmalar ictimai birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Aztəminatlı ailələrə hüquqi yardımın göstərilməsi“ layihəsini icra edir.
Avropa.info xəbər verir ki, layihənin əsas məqsədi regionlarda yaşayan aztəminatlı ailələrin və xüsusilə qadınların hüquqi yardıma çıxış imkanlarını genişləndirmək, onların hüquqi maarifləndirmə səviyyəsini artırmaq və vəkil xidmətlərinə çıxışını asanlaşdırmaqla hüquqlarının effektiv müdafiəsini təmin etməkdir.
Layihə çərçivəsində Quba rayonunda aztəminatlı ailələrə, xüsusilə qadınlara ödənişsiz hüquqi yardım xidmətləri göstəriləcək. Vətəndaşlara ailə, əmək, sosial təminat, miras, əmlak və digər hüquqi məsələlər üzrə məsləhətlər veriləcək, onların hüquqi problemlərinin həllinə dəstək göstəriləcək.
Layihənin yekununda toplanmış məlumatlar sistemləşdirilərək təhlil olunacaq, ümumi statistika hazırlanacaq və eyni zamanda, hüquqi problemlərin mövzular, məhkəmələr və ərazi bölgüləri üzrə müqayisəli təhlilinin aparılması mümkün olacaq.
Əldə edilən nəticələr əhalinin hüquqi xidmətlərə çıxış səviyyəsi, vətəndaşların üzləşdiyi əsas hüquqi problemlər, eləcə də dövlət orqanlarının vətəndaş müraciətlərinə münasibəti barədə faktlara əsaslanan məlumatların formalaşdırılmasına imkan verəcək. Bu məlumatlar gələcəkdə hüquqi yardım sisteminin təkmilləşdirilməsi və müvafiq sahədə siyasət tövsiyələrinin hazırlanması üçün mühüm mənbə rolunu oynayacaq.






























