Rusiyanın xarici işlər naziri Sergey Lavrov Almaniyanın Rusiyaya qarşı qərarlarını “əsl müharibənin başlanğıcı” kimi qiymətləndirərək, “Onlar (almanlar) yenidən müharibə istəyirlər” deyib.
Avropa.info xəbər verir ki, Rusiya Dövlət Teleradio Korporasiyasına (VGTRK) danışan Lavrov Almaniyanın Rusiyaya münasibətini dəyərləndirib.
Almaniyanın ötən həftə Leypsiq-Halle hava limanında pilotsuz uçuş aparatının (PUA) olmasını əsas gətirərək Rusiya əleyhinə qərarlar aldığını xatırladan Lavrov, bu qərarlar arasında Rusiyanın Bonn Baş Konsulluğunun və Berlindəki Rus Evinin bağlanmasının da olduğuna diqqət çəkib.
Lavrov davam etdi:
“Onlar (almanlar) PUA tapdılar və onun Rusiyaya aid olduğunu bildirdilər. Heç kim məsələnin həqiqətini araşdırmadı. Bu, əslində əsl müharibənin başlanğıcıdır. Yadımdadır, almanlar İkinci Dünya Müharibəsindən əvvəl diplomatik nümayəndəliklərini bağlamışdılar. Bu, qətiyyən yolverilməzdir. Onlar yenidən müharibə istəyirlər”.
Nazir Lavrov Almaniyanın öz tarixindən dərs almadığını vurğulayıb.
NƏ OLDU?
Avqustun 4-də Almaniyanın Leypsiq-Halle hava limanında Ukraynaya məxsus nəqliyyat təyyarəsi yaxınlığında partlayıcı qurğu olduğu güman edilən PUA tapılıb.
ABŞ kəşfiyyatı tapılan partlayıcı yüklü PUA-nın xüsusiyyətlərinin Rusiya hərbi kəşfiyyatına “xüsusi” olduğunu iddia edib.
Almaniya hökuməti sentyabrın 1-də bir sıra tədbirləri elan edərək, insidentlə bağlı təhqiqat zamanı əldə edilən nəticələrin Rusiyanın məsuliyyət daşıdığını göstərdiyini bildirib.
Qərara əsasən, Rusiyanın Bonndakı Baş Konsulluğu sentyabrın 18-dən etibarən bağlanacaq, Berlindəki Rus Evi ilə bağlı müqavilə ləğv ediləcək, Rusiya vətəndaşlarının ölkəyə girişinə nəzarət gücləndiriləcək və Rusiyanın sözdə kölgə donanmasına təzyiqlər artırılacaq.






























