Kim Çen In Putinə cavab teleqramı göndərib və Rusiya Federasiyasının qələbəsinə inandığını bəyan edib.
Kim Çen In KXDR-in yaranmasının ildönümü münasibətilə onu təbrik etdiyinə görə Putinə təşəkkür edib.
Şimali Koreya lideri Kim Çen In cavab olaraq Rusiya prezidenti Vladimir Putinə teleqram göndərərək, KXDR-in hər zaman Rusiyanı dəstəkləyəcəyinə söz verib.
Avropa.info xəbər verir ki, Şimali Koreyanın KCNA xəbər agentliyi Kim Çen Inın teleqramından sitat gətirir: “Ölkənin təhlükəsizliyinin və beynəlxalq ədalətin maraqlarını qorumaq üçün bugünkü müqəddəs müharibədə Rusiya Federasiyasının qələbə çalacağına qəti əminəm. Sizi və qardaş rus xalqını həmişə dəstəkləyəcəyimə söz verirəm”.
Kim Çen In həmçinin qeyd edib ki, Rusiya və KXDR sülh və ədalətin müdafiəsində birgə dayanırlar.
Bir gün əvvəl Putin Kim Çen Inı KXDR-in yaradılmasının 78-ci ildönümü münasibətilə təbrik edib. Rusiya lideri qeyd edib ki, Rusiya Federasiyası ilə KXDR arasında münasibətlər həmişə mehriban qonşuluq və qarşılıqlı yardım əsasında qurulub.
Bundan əvvəl Şimali Koreya lideri Kim Çen In Rusiya prezidenti Vladimir Putinə məktub göndərib. Mətndə o, dövlət başçısının siyasətinə hörmətlə yanaşacağını və dəstəkləyəcəyini vəd edib. Məktubda Kim Çen In Vladimir Putini “ən əziz dostum” adlandırıb.
Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vladimir Putin və Kim Çen In arasında münasibətləri yüksək qiymətləndirib.





























