Sağçı müxalifətin üstünlük təşkil etdiyi İspaniya Senatı Fransa prezidenti Emmanuel Makronun Madridə rəsmi səfəri zamanı İspaniya və Fransa arasında dostluq sazişinin təsdiqini rədd edib.
Avropa.info xəbər verir ki, Sağçı Xalq Partiyası və ifrat sağçı Vox partiyasından 142 senator mətnin əleyhinə səs verib. Baş nazir Pedro Sançesin Sosialist Partiyasından olan 106 senator lehinə səs verib.
Səsvermə kral şam yeməyi zamanı keçirilib
Səsvermə Senatdan bir neçə yüz metr aralıda, Kral Sarayında Makron, Kral VI Felipe və Kraliça Letiziyanın qatıldığı rəsmi şam yeməyinin başladığı bir vaxtda baş tutub.
Fransa və İspaniya arasında dostluq müqaviləsi ilk dəfə 2023-cü ilin yanvarında Barselonada Makron və Sançes tərəfindən imzalanıb.
Saziş daha sonra Madriddəki Nümayəndələr Konqresi və Parisdə Fransa Milli Assambleyası və Senatı tərəfindən təsdiqlənib.
Xalq Partiyası müqavilənin bir maddəsinə qarşı çıxır
Senatda mütləq çoxluğa malik İspaniya Xalq Partiyası sazişin bir maddəsinə qarşı çıxıb.
Sözügedən maddədə göstərilir ki, iki ölkədən birinin hökumət üzvünün digər ölkənin Nazirlər Şurasına üç ayda bir dəfədən az olmayaraq dəvət edilməsi nəzərdə tutulur.
İspaniya məhkəmə sistemi Makronun Madridə gəlişindən bir neçə gün əvvəl, sentyabrın 23-də Fransa-İspaniya dostluq müqaviləsinin konstitusiyaya uyğun olduğuna qərar verib.
Fransa İspaniyadan başqa Avropada Almaniya, İtaliya və Polşa ilə belə dostluq müqavilələri imzalayıb.
İspaniya isə yalnız digər qonşuları olan Portuqaliya və Mərakeşlə oxşar müqavilələr bağlayıb.




























