ABŞ-ın İraq, Livan, Küveyt və Bəhreyndəki səfirlikləri Yaxın Şərqdə gərginliyin “gözlənilməz şəkildə arta biləcəyini” bəyan edib və regiondakı amerikalılara təhlükəsizlik xəbərdarlığı edib.
Avropa.info xəbər verir ki, ABŞ-ın Bağdad, Beyrut, Küveyt və Manamadakı səfirliklərindən verilən açıqlamada Yəməndə İranın dəstəklədiyi husilərin Səudiyyə Ərəbistanının müxtəlif yerlərinə, o cümlədən mülki hava limanına hücumlar təşkil etdiyi bildirilib.
Bəyanatda Səudiyyə Ərəbistanı ilə husilər arasında hərbi qarşıdurmanın “sürətlə arta biləcəyi” və Yaxın Şərqdə təhlükəsizlik mühitinin mürəkkəb olduğuna və “gözlənilməz gərginliyin” baş verə biləcəyinə diqqət çəkilib.
Bəyanatda, Yaxın Şərqdəki amerikalılardan ehtiyatlı olmaları və mümkün uçuşların ləğvi, hava məkanının bağlanması və səyahətlərin dayandırılması hallarına hazır olmaları istənilib.
Bəyanatda İranın və onun dəstəklədiyi qrupların ABŞ-la əlaqəli yerləri hədəfə ala biləcəyi və ABŞ-ın Yaxın Şərq regionundan kənarda yerləşən diplomatik obyektlərinin daha əvvəl də hədəfə alındığı qeyd edilib.






























