Azərbaycan Türk dünyasının birliyini və geostrateji güc mərkəzi kimi formalaşmasını xarici siyasətinin əsas prioritetlərindən biri hesab edir.
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Avropa.info-ya açıqlamasında bildirib ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən ardıcıl tədbirlər və qarşılıqlı əməkdaşlığın genişlənməsi bu birliyin gələcək perspektivlərini daha da gücləndirir.
Deputat qeyd edib ki, son günlər Türk Dövlətləri Təşkilatı çərçivəsində keçirilən tədbirlər Azərbaycanla təşkilat arasında münasibətlərin aydın mənzərəsini təqdim edir. Prezident İlham Əliyevin TDT-nin Müsəlman Dini İdarə Rəhbərləri Şurasının 7-ci toplantısının və TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarını qəbul etməsi təşkilatın qarşısında dayanan prioritetlərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Vüqar Rəhimzadə vurğulayıb ki, qardaş xalqları ortaq etnik köklər, dil, mədəniyyət və ənənələr birləşdirir. Onun sözlərinə görə, bu amillər Türk Dövlətləri Təşkilatını digər beynəlxalq platformalardan fərqləndirən əsas xüsusiyyətlərdəndir. Türk dünyası hazırda yüksəliş mərhələsini yaşayır və ölkələrdə hökm sürən sabitlik, sülh və inkişaf prosesləri təşkilatın beynəlxalq potensialının daha da artırılmasına imkan yaradır.
Deputat bildirib ki, Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarını qəbul edərkən təşkilatın beynəlxalq arenadakı rolunun gücləndirilməsinin vacibliyini xüsusi diqqətə çatdırıb. TDT ölkələrinin geniş coğrafi məkanda yerləşməsi, mühüm enerji və nəqliyyat yollarının üzərində qərarlaşması onların regional və beynəlxalq təhlükəsizlik məsələlərində rolunu artırır.
Onun sözlərinə görə, enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları və ümumilikdə təhlükəsizlik məsələləri bir-biri ilə sıx bağlıdır. Bu baxımdan TDT məkanının geostrateji əhəmiyyəti getdikcə artır və təşkilatın həm qərbdə, həm də şərqdə yerləşən ölkələrlə əlaqələrinin genişləndirilməsi üçün mühüm imkanlar mövcuddur.
Vüqar Rəhimzadə diqqətə çatdırıb ki, TDT-yə üzv ölkələrin böyük təbii ehtiyatlara malik olması da təşkilatın potensialını artıran mühüm amillərdəndir. Bu resursların səmərəli istifadəsi dövlətlərin iqtisadi inkişafına və xalqların rifahının yüksəlməsinə xidmət etməklə yanaşı, daha geniş coğrafiyanın enerji təhlükəsizliyinə də töhfə verir.
Deputat Azərbaycanın bu prosesdə xüsusi rolunu qeyd edərək bildirib ki, ölkəmizin həyata keçirdiyi enerji layihələri həm iştirakçı dövlətlərin, həm də digər ölkələrin enerji təhlükəsizliyinə davamlı töhfələr verir. Azərbaycanın Avropa ilə Asiyanın qovşağında yerləşməsi, Mərkəzi Asiya ölkələri və Türkiyə ilə dostluq, qardaşlıq və müttəfiqlik münasibətləri nəqliyyat və enerji layihələri üzrə əməkdaşlığın genişlənməsi üçün əlverişli zəmin yaradır.
O bildirib ki, TDT-ni gücləndirən əsas amillərdən biri də üzv ölkələr arasında mövcud olan mənəvi və mədəni bağlardır. Ümumi etnik köklər, dil və mədəniyyət yaxınlığı xalqlar arasında münasibətlərin möhkəmlənməsinə və dövlətlərarası əməkdaşlığın daha da dərinləşməsinə xidmət edir.
Vüqar Rəhimzadə vurğulayıb ki, ikitərəfli münasibətlərin inkişafı da Türk Dövlətləri Təşkilatı çərçivəsində həmrəyliyin möhkəmlənməsinə mühüm təsir göstərir. Azərbaycanın Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik haqqında müqavilə və bəyannamələr imzalaması münasibətlərin yüksək səviyyəsinin göstəricisidir. Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlarının yaradılması isə iqtisadi əməkdaşlığın praktiki istiqamətlərinin genişləndiyini göstərir.
Deputat qeyd edib ki, müasir dünyada sabitlik və təhlükəsizlik dövlətlərin inkişafının əsas şərtlərindən biridir. TDT məkanında siyasi və iqtisadi sabitliyin qorunması investisiyaların, texnologiyaların və innovasiyaların cəlb olunması baxımından əlverişli şərait yaradır. Onun sözlərinə görə, təşkilata üzv ölkələrdə iqtisadi artım və müsbət dinamika müşahidə olunur.
Vüqar Rəhimzadə Azərbaycanın regional təhlükəsizliyin təmin edilməsinə verdiyi töhfələrə də diqqət çəkib. O bildirib ki, dövlət təhlükəsizliyinə cavabdeh qurumlar arasında koordinasiyanın gücləndirilməsi, məlumat və təcrübə mübadiləsi, mümkün təhdidlərin vaxtında müəyyənləşdirilməsi və qarşısının alınması müasir dövrdə xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan TDT çərçivəsində təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üzv dövlətlərin ümumi maraqlarına cavab verir.
Millət vəkili ümumiləşdirərək bildirib ki, Türk dünyasının birliyi və həmrəyliyi bütün dövrlərdə aktuallığını qoruyur. Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatı artıq beynəlxalq gündəmin müxtəlif istiqamətlərində mühüm rol oynayan təşkilata çevrilib. Təşkilat çərçivəsində beynəlxalq təhlükəsizlik, multikulturalizm, ticarət, nəqliyyat və humanitar əməkdaşlıq kimi məsələlər müzakirə olunur.
Vüqar Rəhimzadə qeyd edib ki, 2009-cu ildə Naxçıvanda keçirilmiş tarixi Zirvə görüşündən sonra TDT üzv ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafı və təşkilatın beynəlxalq arenadakı mövqeyinin möhkəmləndirilməsi istiqamətində mühüm yol keçib. Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatının mövcud potensialından maksimum istifadə edilməsi həm üzv dövlətlərin, həm də bütövlükdə Türk dünyasının maraqlarına xidmət edir.






























