ABŞ İran infrastrukturuna genişmiqyaslı zərbələri İsraillə birgə həyata keçirəcəkdi.
Avropa.info İsrail mətbuatına istinadən xəbər verir ki, İsrail hakimiyyəti hücumun ləğvi barədə yalnız ABŞ prezidenti Donald Trampın Truth Social-dakı paylaşımından xəbər tutub.
“İsrail İrana hücumların bir hissəsi olmalı idi”, – deyə Kanal 12 ABŞ rəsmisinə istinadən bildirib. Kanal 12-nin məlumatına görə, Tramp hücumların ləğvini onların başlamasından təxminən 24 saat əvvəl elan edib. İki tərəf ötən çərşənbə günü, ABŞ prezidentinin İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşməsindən bir gün sonra hücumları planlaşdırmağa başlayıb. Lakin cümə və şənbə günləri ABŞ və İran arasında vasitəçilik edən Qətər hücumları ləğv etmək və Hörmüz boğazını açmaq üçün İran, Oman və ABŞ ilə aktiv danışıqlar aparıb. Şənbə günü Trampa İranı su yolunu açmağa inandırmaq üçün daha bir günə ehtiyacı olduğu bildirilib. Qətər daha sonra İranın təklifə razı olduğunu açıqlayıb.
Mediada yayılan məlumatlar göstərir ki, İsrail hakimiyyəti Trampın planlarındakı dəyişiklikdən xəbərdar olmayıb. “Biz bir neçə saat məlumat yoxluğunda qaldıq. Prezident Tramp bizi qaranlıqda qoydu. Yüksək vəzifəli məmurlar Trampın sosial mediasından baş verənlər barədə məlumat alırdılar”, – deyə İsrailin yüksək vəzifəli məmuru Kanal 12-yə bildirib.
Onun sözlərinə görə, Trampın hücumların ləğv edildiyini açıqlamasından sonra İsrail hakimiyyəti “özlərini tərk edilmiş kimi hiss ediblər”.
Xüsusilə Netanyahu və İsrailin müdafiə naziri İsrael Katz Trampın planlarındakı dəyişiklikdən sosial mediadan xəbər tutublar.
Kanalın məlumatına görə, İsrail əvvəlcə Trampın İran hakimiyyətini yalançı təhlükəsizlik hissi ilə aldatmağa çalışdığını güman edib, lakin sonradan Amerika tərəfi ilə əlaqə saxlaya bilib və tərəf hələlik heç bir zərbə olmayacağını təsdiqləyib.
Qeyd olunur ki, İsrail hakimiyyəti Trampın planlarını asanlıqla dəyişə biləcəyinə inanır və buna görə də ölkə ordusu yüksək hazırlıq vəziyyətindədir.





























