“Rusiya və İranın Azərbaycana qarşı paralel həyata keçirdiyi təzyiq və təhdid siyasəti Moskvanın Cənubi Qafqazdakı itirilən təsir imkanlarını bərpa etmək cəhdidir. Rusiya 2020 və 2023-cü illərdən sonra regionda formalaşan yeni geosiyasi reallığı – Azərbaycanın müstəqil, güclü və regional lider dövlətə çevrilməsini qəbul edə bilmir. Lakin həm siyasi-diplomatik, həm də hərbi-psixoloji baxımdan Moskvanın bu məqsədlərə çatması artıq qeyri-mümkündür”.
Avropa.info xəbər verir ki, bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, analitik Vüqar Dadaşov deyib.
“Moskva Və Tehranın Təzyiqləri…”
MCP rəsmisi Rusiya və İranın oxşar vaxtda addımlar atmasına dikkat çəkib:
“Mariya Zaxarovanın bəyanatından əvvəl Rusiya Dövlət Dumasının deputatı Aleksandr Tolmaçyovun ölkəmizi ‘Ukrayna ssenarisi’ ilə hədələməsi, ardından İranın ali dini liderinin müşaviri Əli Vilayətinin Zəngəzur marşrutu ilə bağlı təhdid dolu xəbərdarlığı və Tehranın AzTV-ni ‘düşmən media’ siyahısına salması təsadüfi deyil. Bu, iki dövlətin birgə yürütdüyü siyasi-diplomatik təzyiq planıdır. Ukrayna cəbhəsində təşəbbüsü itirən Moskva Cənubi Qafqazı da itirmək qorxusu yaşayır. Çünki bu regionu itirmək Rusiyanın imperial mövcudluğunu və qlobal güc statusunu sual altına qoyur”.
“Rusiyanın Təhdidləri Nəticə Verməyəcək”
Şərhçi Azərbaycanın beynəlxalq mövqeyinin artıq dəyişdiyini vurğulayıb:
“Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan artıq regional deyil, dünyanın orta güclərindən birinə çevrilib. Ölkəmizin Türk dünyasının ayrılmaz hissəsi olması, Türkiyə ilə sarsılmaz müttəfiqliyi və İslam aləmində artan nüfuzu Rusiyanın daha sərt addımlar atmasını çəkindirən əsas amillərdir. Moskva Strateji Müttəfiqlik Bəyannaməsini Azərbaycanı təsir dairəsində saxlamaq üçün vasitə görsə də, real fəaliyyətdə həqiqi dostluq nümayiş etdirmir. Ancaq bütün təzyiqlərə baxmayaraq, Rusiyanın və İranın qarşıya qoyduğu məqsədlərə çatması imkansızdır”.






























