Yunanıstan Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı 21-ci sanksiyalar paketinin qəbuluna etiraz edib.
Avropa.info xəbər verir ki, bu barədə “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Afinanın narazılığı Avropa Komissiyasının yeni paketə Rusiya mayeləşdirilmiş təbii qazının (LNG) daşınmasına qadağa ilə bağlı müddəa daxil etməsi ilə əlaqədardır.
Nəşr yazır ki, iyulun 15-də Aİ-yə üzv ölkələrin səfirləri 21-ci sanksiyalar paketini razılaşdıra bilməyiblər və müzakirələr iyulun 23-nə təxirə salınıb.
“Financial Times”ın məlumatına görə, Yunanıstan nümayəndəsi əvvəlki iclasda bildirib ki, Rusiya LNG-sinin daşınmasına qadağa qoyulması yunan gəmiçilik şirkəti “Dynagas” üçün ağır nəticələrə səbəb ola bilər.
“Equasis” dəniz informasiya portalının məlumatına əsasən, “Dynagas” 27 qazdaşıyan gəmi istismar edir. Onların arasında Arktika şəraitində fəaliyyət göstərə bilən xüsusi gücləndirilmiş Arc7 sinifli tankerlər də var. Bu gəmilər əsasən Rusiyanın “Yamal LNG” layihəsi yaxınlığında istifadə olunur.
Mənbələrin bildirdiyinə görə, sanksiyalar hazırkı formada qəbul edilərsə, “Dynagas” həmin ixtisaslaşmış gəmilərdən digər regionlarda istifadə edə bilməyəcək və onları Qərbə aid olmayan şirkətlərə satmağa məcbur qalacaq.
Qeyd olunur ki, bu tip tankerlərin hər birinin dəyəri 300 milyon dollara qədərdir.





























