21 Fevral — Beynəlxalq Ana Dili Günü münasibətilə Xırdalan şəhər 5 saylı tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi Könül Şəmilovanın təşkilatçılığı ilə “Azərbaycan dili və ədəbiyyatı ilmələrdə” mövzusunda tədbir keçirilib.
Avropa.info xəbər verir ki, tədbirə Əməkdar Mədəniyyət işçisi, Azərbaycan Rəssamlar İttifaqının və Beynəlxalq Rəssamlar Fondunun üzvü Fazil Abasquluzadə qonaq qismində dəvət olunub.
Görüş çərçivəsində rəssam əvvəlcə məktəbdə rəsm qabiliyyəti olan şagirdlərlə görüşüb, onların əl işləri ilə tanış olub və tövsiyələr verib. Daha sonra şagirdlər əlamətdar günlə əlaqədar müxtəlif çıxışlar ediblər.
Çıxışlardan sonra müəllimlər və şagirdlər rəssama suallar ünvanlayıblar. Qonaq Azərbaycan xalçalarında ilmələrdə yaşayan dil və ədəbiyyat nümunələrindən bəhs edib, milli irsin qorunmasının vacibliyini vurğulayıb.
Şəhidlərə həsr olunan əsərləri haqqında danışan rəssam qeyd edib ki, dil də torpaq qədər qorunmalıdır və hər bir vətəndaş bu işə töhfə verməlidir.
Sonda bildirilib ki, bu gün düzgün qurulan cümlə və qorunan hər bir söz gələcək nəsillər üçün sağlam təməl deməkdir.






















































