Media və Mülki Cəmiyyət İctimai Birliyi “Dilimizin milli kimliyimizdə rolu: Azərbaycan dilinin mədəniyyət missiyası” adlı yeni layihənin icrasına başlayıb. Layihə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Bu barədə Avropa.info-ya layihənin rəhbəri, Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov məlumat verib. Onun sözlərinə görə, layihə çərçivəsində əsas fəaliyyətlər Bakı və Sumqayıt şəhərlərində həyata keçiriləcək.
Layihənin başlıca məqsədi Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi, onun xalqımızın mədəni kimliyini, mənəvi dünyasını və tarixi yaddaşını yaşadan fundamental vasitə kimi rolunun ictimai şüurda daha da gücləndirilməsidir. Bu istiqamətdə görüləcək işlər milli-mənəvi dəyərlərin və dövlətçilik ənənələrinin qorunması baxımından strateji əhəmiyyət daşıyır.
Qeyd olunub ki, Azərbaycan dili xalqımızın minilliklər boyu formalaşmış mədəniyyətini, düşüncə tərzini, tarixi yaddaşını və mənəviyyatını yaşadan əsas ünsiyyət vasitəsidir. Lakin hazırda sosial media, reklam və ümumi informasiya mühitində dilimizə yad təsirlərin artması müşahidə olunur ki, bu da dilin saflığına mənfi təsir göstərir.
X.Əhmədovun sözlərinə görə, layihə çərçivəsində küçə və reklamlarda Azərbaycan dilinin leksik və qrammatik qaydalarının pozulması halları, həmçinin Azərbaycandilli mətbuatın mövcud vəziyyəti təhlil və monitorinq ediləcək. Eyni zamanda, dilçi alimlərin, ekspertlərin, kütləvi informasiya vasitələrinin və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə ictimai müzakirələr təşkil olunacaq.
“Bu layihə vasitəsilə cəmiyyətin diqqəti mövcud problemlərə yönəldiləcək, ictimai maarifləndirmə və praktiki tədbirlər yolu ilə Azərbaycan dilinin qorunmasına və inkişafına dəstək veriləcək”, – deyə Xanoğlan Əhmədov bildirib.






























