2 fevral 2026-cı il tarixində Respublika Uşaq Kitabxanasında Gənclər Günü münasibətilə “Sağlam Gənclik – Güclü Gələcək” adlı tədbir təşkil olunub.
Avropa.info xəbər verir ki, tədbir Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə, Azərbaycan İdman Akademiyasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Müjgan Məmmədzadə, Mas-restlinq üzrə dəfələrlə Respublika çempionu və İdman akademiyasının cüdo üzrə müəllimi, kəmər imtahanları üzrə eksperti, Heydər Əliyev adına beynəlxalq turnirin mükafatçısı Mahir Talıbov, Azərbaycan Dillər Universitetinin müəllimi, gənc alim Ayşən Məmmədova, gənc kitabxanaçılar və mədəniyyət könüllüləri iştirak ediblər.
Çıxışlar zamanı qonaqlar gənclərin fiziki sağlamlığının, intellektual inkişafının və sosial məsuliyyət hissinin formalaşdırılmasının vacibliyini vurğulayıblar. Mahir Talıbov idman sahəsində uğur qazanmaq üçün davamlı zəhmət, düzgün istiqamət və özünə inamın əsas amillər olduğunu bildirib.
Ayşən Məmmədova təhsil sahəsində əldə etdiyi nailiyyətlərdən bəhs edərək, yüksək nəticələrin məqsədyönlü fəaliyyət və güclü motivasiya ilə mümkün olduğunu qeyd edib, gənclərə praktiki tövsiyələr verib.
Müjgan Məmmədzadə isə çıxışında gənclərin cəmiyyət qarşısında daşıdıqları məsuliyyətdən danışaraq, onların fəal, vətənpərvər və faydalı vətəndaş kimi formalaşmasının əhəmiyyətini önə çəkib.
Tədbir iştirakçıları bu kimi görüşlərin gənclərin gələcəkdə daha sağlam, güclü və uğurlu fərdlər kimi yetişməsinə mühüm töhfə verdiyini bildiriblər.
Tədbirin əsas məqsədi gənclərin şəxsi inkişafını dəstəkləmək, onların özünə inamını artırmaq və uğur yolunda düzgün istiqamətləndirilməsinə yardım göstərməkdir.






























