Bu günlərdə Kritika Yayınlarında yazıçı Vaqif Sultanlının “İnsan dənizi” romanı nəşr olunub.
Avropa.info xəbər verir ki, süjet hörüyündə yer alan hadisə və əhvalatların iyirminci yüzilin səksəninci illərində cərəyan etdiyi əsərdə ölüm cəzasından qaçıb ucqar bir şəhərə sığınaraq gizli həyat sürən baş qəhrəmanın taleyi fonunda imperiya ideologiyasının cəmiyyətin mənəviyyatına yoluxdurduğu sosial-əxlaqi problemlərin bədii çözümünə çalışılır.
Romanda real və şərti-meraforik üslubun sintezi müəllifə dönəmin qaranlıq, açıq söylənilməsi mümkün olmayan həqiqətlərini aşkarlamağa imkan verir. Xüsusilə, romanda çağdaş dünyada insanlığı mənəvi tənəzzülə sürükləyən özgələşmə probleminin fərqli tərzdə canlandırılması əsərin ideya-estetik çəkisini artırır.
İlk dəfə 1991-ci ildə “Gənclik” nəşriyyatında Azərbaycan oxuculara təqdim olunan “İnsan dənizi” romanı sonralar müxtəlif vaxtlarda yenidən nəşr edilmişdir. Həmçinin roman müxtəlif dillərə çevrilərək İngiltərə, Amerika Birləşmiş Ştatları, Türkiyə, Almaniya, Misir, İran və başqa ölkələrdə nəşr olunmuş, haqqında xeyli araşdırmalar aparılmışdır.
Romanı Bakının kitab dükanlarından və Kritika Yayınlarından əldə etmək olar.






























