F. Köçərli Respublika Uşaq Kitabxanasının əməkdaşları məktəblilərlə birgə Üzeyir Hacıbəylinin ev-muzeyinə ekskursiya təşkil edib
22 oktyabr 2025-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları 164 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdləri ilə birgə Azərbaycanın dahi bəstəkarı, görkəmli ictimai xadim Üzeyir Hacıbəylinin ev-muzeyinə ekskursiya ediblər. Muzeyin əməkdaşı uşaqlara bəstəkarın doğulub boya-başa çatdığı mühit, onun musiqi təhsili, yaradıcılıq fəaliyyəti və Azərbaycan musiqisinin inkişafındakı mühüm xidmətləri barədə ətraflı məlumat verib. Şagirdlər Üzeyir bəyin şəxsi əşyaları, not dəftərləri, fotoları və onun yazı masası ilə tanış olublar. Ekskursiya zamanı uşaqlara kitabxana əməkdaşı tərəfindənbəstəkarın “Arşın mal alan”, “O olmasın, bu olsun” kimi ölməz əsərləri haqqında maraqlı və geniş məlumatlar çatdırılıb.
Sonda F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları belə tədbirlərin şagirdlərdə milli-mənəvi dəyərlərin formalaşmasında mühüm rol oynadığını qeyd ediblər və bu kimi maarifləndirici ekskursiyaların davam etdiriləcəyini bildiriblər. Ekskursiyanın məqsədi şagirdləri Azərbaycan musiqi mədəniyyətinin banilərindən biri olan Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı ilə yaxından tanış etmək, onların milli musiqiyə marağını artırmaq olub.






























