Beynəlxalq Qalereyada YAP Yasamal Rayon Təşkilatı və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı, layihə rəhbəri Aygün Əzizovanın təşəbbüsü ilə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş “Zamanın Ziyalısı” adlı sərgi keçirilib.
Avropa.info xəbər verir ki, sərgi təhsilin cəmiyyətin inkişafındakı rolunu vurğulamaqla yanaşı, müəllimlərin əvəzsiz xidmətlərini sənət dili ilə əks etdirən unikal bir tədbir kimi yadda qalıb.
Tədbirdə 30 rəssam öz fırçaları ilə təhsilin keçmişi, bu günü və gələcəyini əks etdirən əsərlər təqdim ediblər. Hər bir tablo müəllimi yalnız dərs deyən şəxs deyil, həm də zamanın ruhunu formalaşdıran ziyalı kimi təsvir edib.
Sərgini giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova müəllimlik peşəsinin müqəddəsliyindən danışaraq, müəllimlərin cəmiyyətin mənəvi dayağı olduğunu vurğulayıb.
Fəxri qonaq qismində tədbirdə iştirak edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Səmayə Rzayeva çıxışında müəllimlik sənətinin dərinliklərinə işıq salaraq sərginin ruhuna xüsusi dəyər qatıb.
Sonda iştirakçılara Fəxri Fərmanlar təqdim olunub və xatirə fotoları çəkilib.
Aygün Oqtay
Foto-operator: Ayaz