19 avqust 2025-ci il tarixində F. Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı və Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün master-klass təşkil edilib.
Avropa.info xəbər verir ki, yaradıcı məşğələdə Sabunçu Sosial Xidmətlər Mərkəzində sosial reabilitasiya proqramına cəlb olunan əlilliyi olan uşaqlar iştirak ediblər.
Master-klass çərçivəsində uşaqlar gildən hazırlanmış fiqurların rənglənməsi prosesinə cəlb edilərək səmərəli vaxt keçiriblər. Kitabxana əməkdaşları uşaqlara fiqurların hazırlanma texnikası və boyanma qaydaları barədə məlumat verib, yaradıcı prosesin hər mərhələsində onlara dəstək olublar.
Master-klassın keçirilməsində əsas məqsəd xüsusi qayğıya ehtiyacı olan uşaqları yaradıcılıq fəaliyyətinə təşviq etmək, estetik zövqlərini formalaşdırmaq və asudə vaxtlarının səmərəli təşkilinə xidmət etməkdir.
Sonda uşaqları maarifləndirmək məqsədilə “İlbizin evi” və “Əlifba” animasiya filmləri nümayiş olunub. Animasiyalar uşaqların yeni biliklər əldə etməsinə və maariflənməsinə imkan yaradıb.
Qeyd edək ki, Respublika Uşaq Kitabxanası tərəfindən mütəmadi olaraq təşkil olunan bu tip yaradıcı fəaliyyətlər sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasına, emosional və sosial inkişafına, həmçinin mədəni mühitə cəlb edilməsinə töhfə verir.