Türkiyə Böyük Millət Məclisində (TBMM) ard-arda baş verən hadisələr narahatlığa səbəb olub.
Avropa.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, son iki gündə millət vəkilləri və parlement əməkdaşlarından 100-dən çox şəxs ishal, qusma və güclü halsızlıq şikayətləri ilə Məclis Xəstəxanasına müraciət edib.
Əldə olunan məlumata görə, şikayətlər ilk olaraq dünən başlayıb və bu gün etibarilə artaraq davam etməkdədir. Məclis kompleksi daxilində çalışan çox sayda əməkdaş və bəzi millət vəkilləri oxşar simptomlarla xəstəxanaya göndərilib.
Zəhərlənmə şübhəsi yaşayan şəxslər arasında Yeniyol Partiyasının Dənizli millət vəkili Sema Silkin Ün də var. O bildirib:
“Səhərdən bəri dayanmadan qusuram. Bayırda heç nə yeməmişəm, yalnız Məclis yeməkxanasında qida qəbul etmişəm”.
Lakin Sema Silkin Ün zəhərlənmənin birbaşa yeməklə əlaqəli olduğuna dair dəqiq nəticəyə gəlmədiklərini də əlavə edib:
“Şikayət edənlərin əksəriyyəti fərqli yeməklər yeyib. Ona görə də yeməklə əlaqəli olduğunu düşünmürəm, amma çox sayda insanın şikayətçi olduğu aydındır”.
Türkiyənin “Gerçek Gündem” qəzetinin məlumatına görə, məsələ ilə bağlı açıqlama verən TBMM Dəstək Xidmətləri İdarəsinin nümayəndələri bildiriblər ki, Məclis yeməkxanasından götürülən nümunələrin analizləri aparılıb və zəhərlənməyə dair heç bir göstəriciyə rast gəlinməyib.
Rəsmi şəxslər bu məlumatı paylaşıblar:
“Yeməklərimizdə heç bir problem aşkarlanmayıb. Lakin Ankara Vilayət Səhiyyə İdarəsi ilə apardığımız danışıqlarda şəhər miqyasında ciddi bir epidemiyanın yayıldığı bildirildi”.
Bəzi əməkdaşlar isə zəhərlənmə hallarının su ilə əlaqəli ola biləcəyini irəli sürüblər. Son həftələrdə Məclis çayxanalarında qənaət tədbirləri çərçivəsində dəmir bidon suyu əvəzinə filtrasiya olunmuş suya keçildiyi məlum olub.
Hazırda 100-dən çox şəxs ishal və qusma kimi əlamətlərlə Məclis Xəstəxanasına müraciət edib. Hadisənin mənbəyi ilə bağlı Məclis rəsmilərindən hələlik ətraflı açıqlama verilməyib, səhiyyə qrupları isə yoluxma hallarının artmasından narahat olduqlarını bildiriblər.