On minlərlə kanadalı ABŞ-ın Ottavadakı səfiri Pete Hoekstranın persona non-qrata elan edilməsi və ölkədən deportasiya edilməsi tələbi ilə başlayan petisiyaya dəstək verib. Kalqari şəhərindən olan bir vətəndaşın təşəbbüsü ilə payızda İcmalar Palatasına təqdim edilməsi planlaşdırılan petisiyadakı imzaların sayı qısa müddətdə 60 minə çatıb.
Avropa.info xəbər verir ki, müraciətdə Hoekstra Kanada ilə ABŞ arasında diplomatik əlaqələrə xələl gətirən açıqlamalar verməkdə və diplomatik protokollara zidd olaraq Kanadanın daxili siyasətinə müdaxilə etməkdə günahlandırılıb.
“51-ci dövlət” müzakirəsi reaksiya doğurdu
Müraciətdə iddia olunurdu ki, səfir Hoekstra Tramp administrasiyasının Kanadanı ilhaq etmək təhdidlərini qanuniləşdirib.
Hoekstra iyun ayında verdiyi açıqlamada Kanadanın ABŞ tərəfindən ilhaqının baş nazir Mark Karni ilə ABŞ prezidenti Donald Tramp arasında müzakirə ediləcək “böyük mövzu” olduğunu deyərkən tənqidlərə səbəb olmuşdu.
Sentyabr ayında Halifaxda təşkil edilən bir tədbirdə danışan Hoekstra, Kanadadakı seçki kampaniyasındakı “anti-Amerika” ritorikasından narahat olduğunu ifadə edərək, Tramp administrasiyasının gömrük vergisi hərəkətlərini “ticarət müharibəsi” kimi xarakterizə etməsini tənqid edib.
Səfir həmçinin kanadalı siyasətçilərin ABŞ-a getməmək çağırışlarını və Amerika içkilərinin piştaxtalardan yığışdırılmasını hədəfləyib.
Onunla bağlı tənqidlərə cavab verən Hoekstra, vəzifəsinin “ABŞ prezidentinin fikirlərini təmsil etmək” olduğunu müdafiə etdi. ABŞ-ın Ottavadakı səfirliyinin sözçüsü kampaniyadan xəbərdar olduqlarını, lakin məsələ ilə bağlı şərh verməyəcəklərini bildirib.
Yaşıllar Partiyasının lideri İcmalar Palatasına təqdim edəcək
Yaşıllar Partiyasının lideri Elizabet Meyin parlamentə təqdim edəcəyi petisiyada Liberal Partiya hökumətindən Hoekstranın rəsmən deportasiyası və ABŞ-ın Kanadanın daxili işlərinə diplomatik müdaxilələrini araşdırmaq üçün parlament komitəsi yaratması istənilib.
Kanada keçmişdə xarici müdaxilə iddialarına görə diplomatlarını ölkədən çıxarmışdı. Hökumət 2023-cü ildə Çin diplomatı Zhao Wei və 2024-cü ildə altı Hindistan diplomatını deportasiya edərək, onları persona non qrata elan edib.






























