İran və İsrail arasında baş verən toqquşmalar Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanında olan iranlı zəvvarlara mənfi təsir göstərib.
Avropa.info xəbər verir ki, toqquşmalar səbəbilə bölgədə mülki aviareyslərin dayandırılması nəticəsində Səudiyyə Ərəbistanına gəlmiş təxminən 12 min 500 iranlı zəvvar Mədinədə çətin vəziyyətdə qalıb.
İran mətbuatının yaydığı məlumata görə, Şərq vilayətlərindən gəlmiş zəvvarlar üçün qonşu ölkələrdəki hava limanlarının istifadə olunması nəzərdə tutulsa da, bu plan reallaşdırılmayıb.
İranlı rəsmilər isə zəvvarların quru sərhəd qapıları vasitəsilə geri dönməsini asanlaşdırmaq üçün Səudiyyə Ərəbistanı və İraqla koordinasiyalı şəkildə hərəkət etdiklərini bildiriblər.
Səudiyyə Ərəbistanı rəsmiləri isə bəyan ediblər ki, iranlı zəvvarların bütün ehtiyaclarının qarşılanması üçün lazımi tədbirlər görülüb və onlar vətənlərinə və ailələrinə təhlükəsiz şəkildə dönə bilənədək hər cür xidmət onlara təqdim olunacaq.