“Kreml Ermənistanda Rusiya vətəndaşı, biznesmen Samvel Karapetyanın həbsi ilə bağlı vəziyyəti diqqətlə izləyir”.
Avropa.info “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında danışıb.
“Əlbəttə, onunla bağlı vəziyyəti izləyirik. Bizim üçün o, Rusiya vətəndaşıdır. Ermənistanın daxili işlərinə qarışmaq istəmirik, lakin Rusiya vətəndaşı ilə əlaqəli bütün məsələləri diqqətli şəkildə izləyirik”, – deyə Peskov qeyd edib.
O, həmçinin vurğulayıb ki, zərurət yaranarsa, Rusiya Samvel Karapetyana bütün lazımi yardımı göstərməyə hazır olacaq.
Xatırladaq ki, barəsində cinayət işi başladılan “Taşir” şirkətlər qrupunun rəhbəri S.Karapetyan iyunun 18-də İrəvanda iki ay müddətinə həbs edilib. O, hakimiyyəti ələ keçirilməsinə açıq çağırış etməkdə ittiham olunur.
Onu da bildirək ki, Azərbaycan 2021-ci ildə Qarabağa qaçaq yolla silah-sursat daşıyan şirkət rəhbərlərini beynəlxalq axtarışa vermişdi. Həmin şəxslər sırasında S.Karapetyan da olub