İndoneziyanın Şərqi Nusa Tengqara əyalətinin Şərqi Flores bölgəsindəki Levotobi Laki-Laki vulkanının püskürməsinin ardından bölgədə ən yüksək xəbərdarlıq səviyyəsi elan edilib.
Avropa.info-nun məlumatına görə İndoneziya Vulkanologiya və Geoloji Fəlakətin Azaldılması Mərkəzi Levotobi Laki-Laki vulkanında vulkanik aktivliyin yaşandığını açıqlayıb.
Açıqlamada vulkanın təxminən 10 min metr hündürlüyə kül səpdiyi bildirilir. Vulkandan çıxan göbələk formalı kül buludu təxminən 150 kilometr uzaqlıqdakı şəhərdən görünürdü.
Səlahiyyətlilər, vulkanın ətrafındakı 8 kilometrlik radiusun təhlükə zonası olaraq təyin olunduğunu açıqlayaraq, bölgədə ən yüksək xəbərdarlıq səviyyəsini elan etdilər.
Vulkanik hadisə nəticəsində ölən olmayıb.
“Sakit Okean Atəş Halqası” zəlzələ və vulkan qurşağında yerləşən İndoneziyada 130 aktiv vulkan var .
2024-cü ilin noyabrında Levotobi Laki-Laki vulkanının püskürməsi nəticəsində 9 nəfər ölüb, onlarla insan yaralanıb.