İsrail ordusunun Qurban bayramının ikinci gününün səhər saatlarında Qəzza zolağına təşkil etdiyi hücumlarda ən azı 17 fələstinli həyatını itirib.
Avropa.info xəbər verir ki, yerli mənbələrin məlumatına görə, İsrail ordusunun Qəzza zolağının cənubundakı Xan Yunus şəhərində köçkün dinc sakinlərin yaşadığı çadırlara hücumu nəticəsində 12 nəfər ölüb, 40-dan çox adam yaralanıb.
Bildirilib ki, həyatını itirənlər arasında bir ana, ata və iki uşaq olmaqla dörd nəfərlik ailə var.
İsrail əsgərlərinin Rəfah şəhərinin qərbində humanitar yardım almağa gözləyən dinc sakinlərə atəş açması nəticəsində azı 5 fələstinli həlak olub, çoxlu sayda insan yaralanıb.
İsrail əsgərlərinin ərzaq yardımı almağa çalışarkən atəş açması nəticəsində həyatını itirən fələstinlilərin sayı mayın 27-dən bu yana 115-ə yüksəlib, yaralıların sayı isə 580-i keçib.Bu hücumlar nəticəsində 9 nəfərin hələ də itkin düşdüyü bildirilir.
Qurban bayramının ilk günü Qəzza zolağının müxtəlif bölgələrinə havadan və qurudan edilən hücumlarda 33 fələstinli həyatını itirib.