Çində COVID-19 hadisələri mövsümi olaraq artsa da, yeni dalğanın bu ay pik həddinə çatacağı və iyun ayından etibarən azalmağa başlayacağı gözlənilir.
Avropa.info “The Paper” qəzetinə istinadən xəbər verir ki, ölkənin qabaqcıl yoluxucu xəstəliklər üzrə mütəxəssislərindən biri olan Conq Nanşan cənubundakı Quançjou şəhərində qatıldığı iclasda dünyanın digər yerlərində olduğu kimi Çində də yaz aylarında Covid-19 hadisələrinin artdığına diqqət çəkib.
O, yeni COVID-19 dalğasında mart və may aylarında yoluxmaların artdığını, may ayında pik həddə çatacağı gözlənilən yoluxmaların isə iyun ayından etibarən azalmağa başlayacağını bildirib.
Çin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) mayın 8-də dərc etdiyi hesabatda bildirib ki , 31 mart-4 may tarixləri arasında soyuqdəymə və tənəffüs yoluxucu xəstəliklər şikayəti ilə xəstəxana və klinikalara müraciət edən xəstələrdə aparılan testlərdə COVID-19 aşkarlanma nisbəti 7,5 faizdən 16,2 faizə yüksəlib.
Hesabatda aprel ayında ölkə üzrə 168 508 xəstəliyə diaqnoz qoyulduğu, onların 5 faizindən götürülən nümunələr üzərində aparılan müayinələrdə bütün halların Omicron variantı və onun XDV törəmələri ilə törədildiyi qeyd edilib.
Mütəxəssislər halların yeni böyük epidemiyaya səbəb olacaq səviyyədə olmadığını vurğulayaraq, vətəndaşlara fərdi qoruyucu tədbirlər görmələrini, yaşlıların və xroniki xəstəlikləri olan simptomları olanların müalicə üçün xəstəxanalara müraciət etmələrini tövsiyə edir.
2019-cu ilin sonunda Çinin Uhan şəhərində ilk halların ortaya çıxdığı Covid-19 epidemiyası bütün dünyaya yayılaraq milyonlarla insanın ölümünə səbəb olub, aylarla davam edən karantin və epidemiyaya qarşı mübarizə tədbirləri bütün dünyada iqtisadi fəaliyyətlərə və sosial həyata mənfi təsir edib.