Respublika Uşaq Kitabxanasına ekskursiya təşkil olunub
Avropa.8nfo xəbər verir ki, 19 mart 2025-ci il tarixində Respublika Uşaq Kitabxanasına Fuad Fərhadoğlu adına 230 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdlərinin ekskursiyası təşkil edilib. Ekskursiya zamanı şagirdlər Azərbaycan maarifçiliyinin görkəmli nümayəndəsi Firidun bəy Köçərlinin “Balalara hədiyyə” kitabı haqqında məlumat əldə ediblər və onlara kitabxananın yaranma tarixi, fonduna daxil olan müxtəlif yaş kateqoriyalarına uyğun kitablar və mütaliənin əhəmiyyəti barədə ətraflı məlumat verilib. Məktəblilər həm klassik, həm də müasir uşaq ədəbiyyatından seçilmiş kitablarla tanış olub, onların məzmunu barədə qısa məlumatlar alıblar. Həmçinin uşaqlar üçün nəzərdə tutulmuş elektron resurslar haqqında da danışılıb.
Sonda kitabxana əməkdaşları şagirdlərin suallarını cavablandırıb, onlara kitabxanadan daha çox istifadə etməyi və mütaliəni gündəlik vərdişə çevirməyi tövsiyə ediblər.