Rusiya və İranın Azərbaycana qarşı təzyiqləri sistematik və paralel xarakter daşıyır. Xüsusilə Zəngəzur dəhlizi layihəsinin reallaşması istiqamətində praktiki addımların sürətlənməsi Moskva və Tehranın narahatlığını artırıb və onların təzyiq siyasətini daha da fəallaşdırıb.
Avropa.info xəbər verir ki, bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.
“Moskva Və Tehranın Son Cəhdləridir…”
MCP rəsmisi İran və Rusiyada Azərbaycana qarşı səslənən bəyanatların arxasında duran əsas səbəblərə diqqət çəkib:
“Son dövrlərdə İran tərəfindən Zəngəzur dəhlizinin keçəcəyi ərazilərlə bağlı hərbi təhdidlərin səsləndirilməsi, SEPAH-a yaxın dairələrin və İranın ali rəhbərinin müşaviri Əli Əkbər Vilayətinin sərt bəyanatları bu siyasətin ardıcıl xarakter taşıdığını göstərir. Eyni zamanda, Rusiyada İvan Knyazev, Semyon Uralov və Aleksey Çadayev kimi şəxslərin Azərbaycana qarşı təhdid xarakterli çıxışları Кремlin mesajlarını medianın dili ilə ötürmək taktikasıdır.
Lakin Rusiyanın Azərbaycana və Türkiyəyə təzyiq imkanları əvvəlki dövrlə müqayisədə əhəmiyyətli dərəcədə məhdudlaşıb. Ukrayna müharibəsi Rusiyanın asılılıqlarını dərinləşdirib. Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə verdiyi açıq dəstək, Prezident İlham Əliyevin keçmiş prezident Viktor Yuşşenkonu qəbul etməsi və Bakıda Taras Şevçenkonun irsinə gösterilən diqqət Azərbaycanın müstəqil xarici siyasətinin və Rusiyanın təhdidlərinə verdiyi tutarlı cavabın göstəricisidir”.
“Əsas Məsələ Türk Dünyası İlə Mərkəzi Asiyanın Birləşməsidir…”
Analitik Zəngəzur dəhlizinin region üçün daşıdığı strateji qlobal əhəmiyyəti vurğulayıb:
“Moskva bir tərəfdən Azərbaycanla münasibətləri normallaşdırmağa çalışır, digər tərəfdən imperiya təfəkkürünün siyasi reflekslərindən imtina edə bilmir. Zəngəzur dəhlizi isə daha geniş geosiyasi qarşıdurmanın elementidir. Rusiya regiondakı təsirinin zəifləməsini, İran isə Türk dünyasının fiziki bağlantısının güclənməsini öz maraqlarına təhlükə sayır. ABŞ-ın da prosesdə iştirak etməsi Moskva və Tehrana əlavə narahatlıq yaradır.
Əslində söhbət təkcə dəhlizdən getmir; Azərbaycanı Türkiyə və Mərkəzi Asiya ilə birləşdirən yeni geosiyasi və iqtisadi xətt formalaşır. Rusiya və İranın müqavimətinin əsas səbəbi də budur”.
“Azərbaycan Geniş Manevr İmkanlarına Malikdir…”
Ekspert Moskva və Tehranın mövcud zəifliklərini və Bakının üstün mövqeyini belə yekunlaşdırıb:
“Rusiya Ukrayna müharibəsinin ağır nəticələri ilə üz-üzədir, İran isə daxili iqtisadi problemlər və geniş regional qarşıdurma astanasındadır. Bu şəraitdə Moskva və Tehranın Azərbaycan üzərində əvvəlki miqyasda təzyiq imkanlarına malik olduğunu düşünmək reallıqdan uzaqdır. Rusiya və İranın paralel təzyiqləri daha çox itirilən geosiyasi mövqelərin qorunmasına yönəlmiş son cəhdlərdir. Azərbaycan isə öz suverenliyini, ərazi bütövlüyünü və Türk dünyası ilə strateji bağlantılarını qorumaq istiqamətində daha geniş manevr imkanlarına sahibdir”.





























