Türkiyədə arabesk və Roman musiqisinin tanınmış simalarından Cansever 59 yaşında vəfat edib.
Avropa.info xəbər verir ki, bir müddətdir leykozla mübarizə aparan müğənni müalicə aldığı xəstəxanada həyatını itirib. Canseverə 2025-ci ilin sonunda qan xərçəngi – leykoz diaqnozu qoyulmuşdu. Almaniyada müalicə alan sənətçiyə 2026-cı ilin martında sümük iliyi transplantasiyası da həyata keçirilmişdi.
Canseverin əsl adı Dzansever Dalipova idi. O, 8 iyul 1967-ci ildə indiki Şimali Makedoniyanın Veles şəhərində yeddi uşaqlı ailənin ən kiçik övladı kimi dünyaya gəlib.
Sənətçinin uşaqlıq illəri ağır keçib. Cansever 12 yaşında küçədə uşaqların atdığı çubuğun gözünə dəyməsi nəticəsində bir gözünü itirib. 1994-cü ildə isə onurğa sütununu zədələyən xroniki revmatik xəstəlik – ankilozlaşdırıcı spondilitlə bağlı ciddi sağlamlıq problemləri yaşamağa başlayıb.
Cansever peşəkar musiqi fəaliyyətinə 1992-ci ildə Makedoniyada çıxardığı “Kemano Başal E Romenge” albomu ilə başlayıb. Onun Türkiyədə geniş tanınması isə 1997-ci ilə təsadüf edib. Müğənni İbrahim Tatlısesin aparıcısı olduğu “İbo Show” proqramında “Kara Çadır” mahnısını özünəməxsus tərzdə ifa etdikdən sonra böyük auditoriyanın diqqətini çəkib.
Elə həmin il Türkiyədə “Meçhul” albomunu təqdim edən Cansever sonrakı illərdə “Cemalim”, “Yollar Hasta Ben Yorgunum”, “Gönlümüzdeki Türküler”, “Hala Seviyorum”, “İçimden Geldiği Gibi” və “Farklı Yorum” kimi albomlarla yaradıcılığını davam etdirib. “Ağla Gözbebeğim”, “Sen de Gittin”, “Kime Bu İnat” və digər mahnıları ilə geniş populyarlıq qazanıb.
Cansever uzun müddətdir Almaniyada yaşayırdı. 2025-ci ilin sonunda leykoz diaqnozunu açıqlayan sənətçi müalicə prosesindən keçmiş, daha sonra ona uyğun donor tapılmış və sümük iliyi transplantasiyası həyata keçirilmişdi.
Özünəməxsus səsi və emosional ifa tərzi ilə seçilən Cansever arabesk və Balkan-Roman musiqisinin elementlərini birləşdirərək Türkiyə musiqi səhnəsində özünəməxsus yer tutmuşdu.






























