Son dövrlərdə Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinə, eləcə də Türk Dövlətləri Təşkilatının (TDT) fəaliyyətinə xələl gətirmək məqsədilə xarici şəbəkələr tərəfindən ideoloji və informasiya təxribatları intensivləşib. Keçmiş tarixi ziddiyyətlərin, məzhəb fərqlərinin qabardılması, Səfəvi-Osmanlı qarşıdurması və Çaldıran döyüşü kimi həssas mövzuların məqsədli şəkildə gündəmə gətirilməsi iki qardaş ölkə arasında nifaq salmaq cəhdlərinin tərkib hissəsidir.
Avropa.info xəbər verir ki, bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, politoloq Tural İrfan xarici kəşfiyyat və təsir şəbəkələrinin Azərbaycan-Türkiyə münasibətlərini hədəf alan pozuculuq fəaliyyətini şərh edərkən bildirib.
Başqan müavini Tural İrfan medianın və sosial şəbəkələrin ideoloji poliqona çevrilməsi təhlükəsinə diqqət çəkib:
“Türkiyə – Azərbaycan münasibətlərinə, ümumilikdə isə Türk Dövlətləri Təşkilatının fəaliyyətinə və mənəvi ruhuna xələl gətirmək istəyən qüvvələr var. Bunlar həm Azərbaycanda, həm də Türkiyədə aktivləşiblər. İran və İsrailə bağlı şəbəkələr ortaq tariximizə xas keçmiş klassik ziddiyyətləri, bir-biri ilə savaşmış tarixi şəxsiyyətlərin obrazını qabardır, məzhəb fərqini açıqca dilə gətirərək ədavət yaradırlar. Cüzi bir detal əllərinə düşən kimi dərhal şişirdib ideoloji propaqanda başladırlar. Kürdlərlə bağlı iddialar, Səfəvilər mövzusunun qabardılması və Osmanlı sultanlarının təhqir olunması xarici təsirlərin pozuculuq işlərinə start verməsinin xəbərçisi idi. Hətta bir professorun ‘Növbəti Çaldıranda Qızılbaşların qələbəsi’ elan etməsi xalqın özünü məzhəbi yöndən ikiyə bölünməsinə ehtiraslı cəhd idi. Açıq deyirəm, bu cür təxribatçı fəaliyyət konkret olaraq İran və İsrailin əlaltıları tərəfindən iki dövlət arasında nifaq salmaq cəhdidir”.
Şərhçi BMT Baş Assambleyasında İsrail Baş nazirinin çıxışı zamanı Azərbaycan nümayəndə heyətinə qarşı irəli sürülən ittihamların tamamilə əsassız olduğunu vurğulayıb:
“İndi də yazırlar ki, guya Azərbaycanda hicab qadağan olunur, guya BMT-də Netanyahu danışanda bizim nümayəndənin ona qulaq asması Qəzza qırğınına dəstəkdir. Bu iddialar tamamilə əsassızdır. Azərbaycanın mövqeyi bəllidir, BMT-nin müvafiq Qətnamələrinə uyğun olaraq Fələstin dövlətinin yaranmasını dəstəkləyir. İclasda oturmaq yaxud durub çıxmaq həlledici rol oynamır. Guya iclası tərk edənlər toplaşıb bir yaralı fələstinlinin barmağına dərman olublar? Əslində o qədər ölkə nümayəndəsinin durub çıxması acizliyin və çarəsizliyin nümayişi idi ki, bu qədər dövlətlər təsəllini yalnız iclası tərk etməkdə görür… Əsaslı, həlledici platforma ortaya qoya bilməməklə əslində özləri təqsirkardırlar”.
Ekspert İran və İsrailin Yaxın Şərqdəki və regiondakı hədəflərinin əslində bir-birini tamamladığını və eyni məqsədə xidmət etdiyini bəyan edib:
“İran və İsrailin ortaq hədəfləri var və bu hədəflərə onlar yalnız bir-biri ilə savaşaraq çatırlar. Savaşmasalar İsrail Qəzzanı, Livanı, Suriyanı işğal edə bilməzdi, ABŞ Körfəz ölkələrini istismar edə bilməzdi. İran-İsrail müharibəsi bu dövlətlərin hər ikisinin dini-ideoloji hədəflərinə xidmət edir; biri Maşiaxı, digəri Mehdini gözləyir. Hər iki dövlətin ideoloji sistemi dini fanatizmə dayanır. Suriya rəhbərliyini ‘ekstremist-vəhhabi’ kimi qələmə vermək də İran və İsrailin ortaq ideoloji xəttidir. İsrail və İranın bir-birini bitirmək illüziyasına inanmaq sadəlövhlükdür. Bu iki dövlət rəqabət zəminində güclənir, türk, ərəb və ümumilikdə İslam birliyinə qarşı fərqli cəbhələrdə mücadele aparırlar”.
MCP rəsmisi xarici təhdidlərə karşı ayıq-sayıq olmağa çağıraraq fikirlərini yekunlaşdırıb:
“İsraildə siyasilər ‘İrandan sonra hədəfimiz Türkiyədir’ deyirlər. Bu, əslində ‘Yeganə hədəfimiz Türkiyədir’ deməkdir, İranı blef üçün istifadə edirlər. İsrail Türk Dövlətləri Təşkilatının güclənməsini istəmir və bu birliyi dağıtmağı hədəfləyir. Eyni zamanda İranın Səfəvilər və Çaldıran savaşını gündəmə gətirməsi də eyni məqsədə xidmət edir. Nəticə etibarı ilə İranla İsraili Türk birliyinə qarşı olmaq birləşdirir. Odur ki, Türkiyə-Azərbaycan arasında suyu bulandırmaq istəyənlərə qarşı ayıq-sayıq olmalı, ortaya atılan təxribatlara uymamalıyıq”.




























