Bakı şəhərində günbəgün kəskinləşən nəqliyyat sıxlığı, tıxaclar əhalinin gündəlik həyat keyfiyyətinə, vaxt bölgüsünə və sosial rifahına birbaşa mənfi təsir göstərən əsas problemlərdən birinə çevrilib. Xüsusilə metroda aparılan təmir-bərpa işləri ilə bağlı qatarların hərəkətinin məhdudlaşdırılması sərnişin axınının avtobus və şəxsi avtomobillərə yönəlməsinə, nəticədə gərginliyin artmasına səbəb olub.
Avropa.info xəbər verir ki, Bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev paytaxtın nəqliyyat infrastrukturunda yaşanan mövcud çətinlikləri və həll yollarını şərh edərkən bildirib.
“Əvvəlcədən Dəqiq Hesablanmalıdır”
Millət vəkili metroda aparılan təmir işlərinin vacibliyini qeyd etməklə yanaşı, yarana biləcək çətinliklərin öncədən nəzərə alınmalı olduğunu vurğulayıb:
“Bakıda nəqliyyat məsələsi artıq insanların gündəlik həyatına birbaşa təsir edən ciddi problemə çevrilib. Səhər və axşam saatlarında şəhərin əsas yollarında hərəkət etmək bəzən ciddi vaxt itkisinə səbəb olur. Xüsusilə ’28 May’ və ‘Nizami’ stansiyaları arasında metro hərəkətinin dayandırılmasından sonra vəziyyət daha da həssaslaşıb. Əlbəttə, metroda aparılan işlərin məqsədi gələcəkdə nəqliyyat sisteminin daha səmərəli fəaliyyətini təmin etməkdir. Amma belə böyük layihələrin şəhərin gündəlik həyatına yaratdığı yük əvvəlcədən daha ciddi hesablanmalıdır”.
“Problem Həll Olunmur”
Deputat ictimai nəqliyyatın fəaliyyətində kompleks yanaşmanın zəruriliyini və xüsusi zolaqların effektivliyini diqqətə çatdırıb:
“Ekspres avtobusların təşkil olunması düzgün addımdır, amma təkcə avtobusların sayını artırmaqla problemi tam həll etmək mümkün deyil. Əgər avtobus da ümumi tıxacda qalırsa, sərnişin üçün alternativin üstünlüyü qalmır. Burada əsas məsələ ictimai nəqliyyata real üstünlük verilməsi, avtobuslar üçün ayrılmış zolaqların daha effektiv işləməsi və nəqliyyat axınının düzgün idarə olunmasıdır. İnsanları şəxsi avtomobildən ictimai nəqliyyata keçirmədən bu problemi həll etmək çətin olacaq”.
“‘Park Et Və Davam Et’ Sistemi”
MCP başqanı mərkəzə daxil olan avtomobil axınını azaltmaq üçün kənar alanlarda infrastrukturun qurulmasını təklif edib:
“Şəhərin mərkəzinə daxil olan avtomobillərin sayını azaltmaq üçün kənar ərazilərdə parklanma imkanlarının, nəqliyyat qovşaqlarının və ‘park et və davam et’ sistemlərinin genişləndirilməsi vacibdir. İnsan avtomobilini şəhərin kənarında saxlayıb rahat şəkildə metro və ya avtobusla mərkəzə gedə bilirsə, onun avtomobillə mərkəzə daxil olmaq ehtiyacı da azalır. Metro, avtobus, parklanma və yol infrastrukturaları vahid sistem kimi idarə edilməlidir”.
“Vətəndaşın Hər Gün 2-3 Saat Vaxt İtirməsi”
Parlamentari tıxacların sosial və psixoloji tərəflərinə toxunaraq fikirlərini yekunlaşdırıb:
“Bu vəziyyətdə vətəndaşın əsəbi və narazılığı başadüşüləndir. İnsan hər gün yolda 2-3 saat vaxt itirirsə, bunun onun işinə, ailəsinə və həyat keyfiyyətinə ciddi təsiri olur. Ona görə də nəqliyyat məsələsində görülən tədbirlər yalnız texniki göstəricilərlə deyil, vətəndaşın gündəlik həyatına təsiri baxımından qiymətləndirilməlidir. Əsas məqsəd tıxacın bir küçədən digərinə keçirilməsi yox, şəhərdə hərəkətin ümumi rahatlaşdırılması olmalıdır”.





























