25 sentyabr 2026 cı il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Avropa.info xəbər verir ki, Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş sözü ilə çıxış edən aparıcı Anım Gününün tarixi və mənəvi əhəmiyyətindən bəhs edərək Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin ehtiramla yad edilməsinin xüsusi önəm daşıdığını vurğulayıb.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru çıxışında Anım Gününün xalqımızın milli yaddaşında mühüm yer tutduğunu qeyd edib. Bildirilib ki, Vətən uğrunda canından keçən şəhidlərimizin həyat və döyüş yolu, göstərdikləri misilsiz qəhrəmanlıq və fədakarlıq gənc nəslin milli-mənəvi dəyərlər ruhunda formalaşmasında mühüm örnəkdir. Onların əziz xatirəsinin yaşadılması və qəhrəmanlıq salnaməsinin gələcək nəsillərə çatdırılması hər birimizin mənəvi borcudur.
Proqramın davamında ailə üzvləri arasında şəhid və qaziləri olan kitabxana əməkdaşlarının çıxışları dinlənilib. Çıxışlarda şəhid və qazilərimizin həyat yolu, Vətənə bağlılığı, döyüşlərdə göstərdikləri şücaət və Azərbaycan qarşısındakı xidmətləri barədə məlumat verilib, ailə və yaxınlarının xatirələri tədbir iştirakçıları ilə bölüşülüb.
Tədbir zamanı Vətən müharibəsi iştirakçılarının həyat və döyüş yolunu əks etdirən videoçarxlar nümayiş etdirilib, şəhid və qazilərimizin qəhrəmanlığından bəhs edən foto və slaydlar təqdim olunub. Vizual materiallar vasitəsilə Vətən müharibəsinin tarixi, xalqımızın həmrəyliyi və qəhrəmanlarımızın fədakarlığı iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirin əsas məqsədi Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini yad etmək, onların qəhrəmanlıq irsini gənc nəslə tanıtmaq, uşaqlar və yeniyetmələrdə vətənpərvərlik, milli-mənəvi dəyərlərə bağlılıq və tarixə ehtiram hisslərini gücləndirmək olub. Bu baxımdan, Vətən müharibəsi və milli mübarizə tarixini əks etdirən ədəbiyyat nümunələrinin oxuculara təqdim edilməsinin əhəmiyyəti də vurğulanıb. Qeyd olunub ki, kitab və mütaliə vasitəsilə tarixi yaddaşın qorunması, şəhidlərimizin həyat və mübarizə yolunun gələcək nəsillərə çatdırılması mühüm əhəmiyyət daşıyır.
27 Sentyabr Anım Günü Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsinə ehtiramın ifadəsi olmaqla yanaşı, onların müqəddəs irsinin gələcək nəsillərə ötürülməsi baxımından da mühüm mənəvi əhəmiyyət daşıyır. Şəhidlərimizin əziz xatirəsi daim uca tutulacaq və unudulmayacaq






























