Türkiyənin “soL TV” YouTube kanalında yayımlanan “Büyük Türkiye Azerbaycan’da nasıl duvara tosladı?” başlıqlı 18 dəqiqəlik materialın təqdimat tərzi məndə ciddi narazılıq doğurdu. Qənaətimcə burda məqsəd Azərbaycan-Türkiyə münasibətlərini obyektiv təhlil etməkdən daha çox, iki qardaş ölkə arasında süni qarşıdurma təsəvvürü yaratmaqdır.
Avropa.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev Türkiyənin bəzi media resurslarının Azərbaycanla bağlı qərəzli yanaşmasını, iki ölkə arasındakı strateji sərmayələri və qardaşlıq münasibətlərinə kölgə salmaq cəhdlərini şərh edərkən bildirib.
Qardaşlar arasında aşağılanmaq və alçaltmaq anlayışı olmaz
Millət vəkili materialda Azərbaycanın Türkiyəyə yatırdığı milyardlarla dollarlıq sərmayənin və suveren siyasətinin təhrif olunmasına sərt reaksiya verib:
“Videonun adından tutmuş son cümləsinə qədər eyni yanaşma hiss olunur: guya Azərbaycan Türkiyəni alçaldıb, iki ölkənin iqtisadi əməkdaşlığı isə siyasi asılılıq yaradıb. Əvvəla, kanal rəhbərliyinə xatırlatmaq istəyirəm ki, qardaşlar arasında aşağılanmaq və alçaltmaq anlayışı olmaz! Məgər Türkiyə o zaman böyük dövlət sayılacaq ki, Azərbaycanı əzsin, onun daxili işlərinə müdaxilə etsin? Azərbaycanın Türkiyəyə yatırdığı milyardlarla dollarlıq sərmayə iki ölkənin iqtisadiyyatını bir-birinə bağlayan strateji əməkdaşlığın tərkib hissəsidir. Dünyanın digər ölkələri bunu edəndə iqtisadi tərəfdaşlıq deyilir, Azərbaycan edəndə isə siyasi təzyiq vasitəsi kimi təqdim olunur”.
Qarabağ Zəfəri iki qardaş ölkənin birliyinin ən parlaq səhifəsidir
MCP başqanı Qarabağ mövzusunun iki ölkə arasında nifaq predmetinə çevrilməsi cəhdlərini yolverilməz adlandırıb:
“Videoda Qarabağ mövzusundan da münasibətlərimizə kölgə salmaq üçün istifadə olunur. Halbuki Qarabağ Azərbaycanla Türkiyə qardaşlığının ən parlaq səhifələrindən biridir. Türkiyənin haqq işimizə verdiyi siyasi və mənəvi dəstəyi heç vaxt unutmayacağıq. Eyni zamanda Azərbaycan öz torpaqlarını öz ordusunun, şəhidlərinin qanı və qəhrəmanlığı ilə azad edib. Burada nə minnət var, nə də borclu çıxarmaq məntiqi – burada qardaşlıq var! Sayın Ərdoğanı tənqid etmək üçün Azərbaycanı, Prezident Əliyevi tənqid etmək üçün isə Türkiyəni hədəfə çevirmək lazım deyil”.
Türkiyəni böyük göstərmək üçün Azərbaycanı kiçiltməyə ehtiyac yoxdur
Parlamentari jurnalistika məsuliyyətini xatırladaraq Bakı və Ankara arasındakı qardaşlığın bütün siyasi konyunkturalardan uca olduğunu vurğulayıb:
“Mən özüm də müxalif siyasətçiyəm və sağlam tənqidin vacibliyini yaxşı bilirəm. Ancaq hakimiyyətləri tənqid etmək adı altında xalqlar arasında düşmənçilik toxumu səpmək yolverilməzdir. Türkiyənin güclü olması Azərbaycanın, Azərbaycanın güclü olması isə Türkiyənin maraqlarına uyğundur. Türkiyəni böyük göstərmək istəyirsinizsə, Azərbaycanı kiçiltməyə ehtiyac yoxdur. Azərbaycan-Türkiyə qardaşlığı siyasi mübahisələrdən daha böyük, iqtisadi maraqlardan daha dərindir. Bir millət, iki dövlət – bu sadəcə şüar deyil, bizim ortaq taleyimizdir”.




