“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi “İşğaldan azad edilmiş ərazilərə geri qayıdan insanların mina və partlamamış hərbi sursat təhlükəsinə dair maarifləndirilməsi” layihəsinin icrasını Şuşa şəhərində davam etdirib.
Avropa.info xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə Qarabağ Dirçəliş Fondunun, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin tərəfdaşlığı ilə keçirilən qrant müsabiqəsi çərçivəsində həyata keçirilir.
Layihənin əsas məqsədi işğaldan azad edilmiş Xocavənd, Cəbrayıl, Zəngilan, Laçın, Şuşa və Kəlbəcər rayonlarına daimi yaşamaq üçün geri qayıdan keçmiş məcburi köçkünlərin, eləcə də bu ərazilərdə işləyən və təhsil alan şəxslərin partlayıcı sursatların təhlükəsi barədə maarifləndirilməsi, partlayış risklərinin azaldılması və təhlükəsiz davranış vərdişlərinin formalaşdırılmasıdır.
Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, işğaldan azad olunmuş ərazilərdə yeni tikilən və ya bərpa olunan şəhər və kəndlərə keçmiş məcburi köçkünlərin daimi yaşamaq üçün geri qayıdışı təşkil edilir. Layihə çərçivəsində insanların partlayış riskləri və təhlükə ilə qarşılaşdıqları zaman hansı dövlət orqanlarına və necə müraciət etməli olduqları barədə məlumatlandırılması, həmçinin ehtiyatlı davranış vərdişlərinin formalaşdırılması nəzərdə tutulur.
Növbəti maarifləndirmə tədbiri Şuşa şəhərində 1 saylı tam orta məktəbində keçirilib. Tədbirdə məktəbin müəllim və şagirdləri olmaqla ümumilikdə 101 nəfər iştirak edib. İlk olaraq Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir zamanı layihə rəhbəri iştirakçılara layihənin məqsədi və donorları, ölkəmizdə mina təmizləmə əməliyyatları və mina qurbanları barədə məlumat verib. Təlimçilər tərəfindən isə ən çox rast gəlinən mina və partlamamış hərbi sursat növləri, təhlükəsiz davranış vərdişlərinin əsasları və digər zəruri məsələlər barədə ətraflı məlumat təqdim olunub. Bütün iştirakçılara layihə çərçivəsində hazırlanmış bukletlər paylanılıb.
Tədbir iştirakçıları və məktəbin müəllimləri tədbirin təşkilinə görə “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyinə və layihənin donorlarına minnətdarlıqlarını bildiriblər.
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi Xocavənd və Şuşa rayonlarında təşkil olunan tədbirlərdə göstərdikləri diqqət və köməyə görə Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli, Xocavənd və Şuşa rayonlarındakı xüsusi nümayəndəliklərinə, Təhsil Nazirliyinə və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə təşəkkür edib.
Partlayıcı sursatların təhlükəsinə dair növbəti maarifləndirmə tədbirlərinin Cəbrayıl, Zəngilan, Laçın və Kəlbəcər rayonlarında keçirilməsi nəzərdə tutulur.































