“Anım Günü” ərəfəsində rayonun bütün yaşayış məntəqələrində olan şəhidlərimizin məzarları ziyarət olunub, ailələri ilə görüşlər keçirilib, ağacəkmə aksiyası təşkil edilib.
Avropa.info xəbər verir ki, bu gün isə ümumrayon anım tədbiri keçirilib. Əvvəlcə Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, əmək kollektivlərinin üzvləri, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi əlilləri, iştirakçıları, ictimaiyyət nümayəndələri tərəfindən Zərdab şəhərindəki Şəhidlərin xatirə parkındakı abidə ziyarət olunub, önünə gül dəstələri qoyulub, Vətən müharibəsinə həsr olunmuş rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Anım mərasimində çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün və tarixi ədalətin bərpası uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəman oğullarımızın əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildirib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, hər il sentyabrın 27-si ölkəmizdə şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq “Anım Günü” kimi qeyd edilir. Bu əlamətdar gün Vətən uğrunda canından keçmiş şəhidlərimizin qəhrəmanlığının yad edilməsi, onların müqəddəs xatirəsinə ehtiram göstərilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Həmçinin qeyd edib ki, 2023-cü ilin sentyabrında Azərbaycan Ordusu tərəfindən keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri tam şəkildə tərksilah edilərək buraxılıb, döyüş mövqelərindən və hərbi postlardan çıxarılıb, ölkəmizin ərazilərini tərk edib, bütün silah-sursat və ağır texnika təhvil verilib. Qeyd olunan tədbirlər Azərbaycanın növbəti Qələbəsinin təntənəsi olmaqla, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şəhidlərimizin qanının yerdə qalmadığını bir daha nümayiş etdirib.
Vurğulanıb ki, Vətən müharibəsində böyük və tarixi Qələbənin qazanılmasına Zərdab rayonu da öz töhfəsini verib, Vətən uğrunda canından keçən şəhid və yaralanan sakinlərimiz olub. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Vətən müharibəsində qəhrəmanlıq və şücaət göstərmiş yüzlərlə zərdablı müxtəlif orden və medallarla təltif edilib. Şəhidlərimizin əziz xatirəsi əbədiləşdirilərək onların adları rayon ərazisindəki küçələrə verilib.
Şəhid anası Rəna Ağayeva şəhid ailələri adından çıxış edərək dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.
Daha sonra tədbir iştirakçıları tərəfindən rayonun Gəlmə kənd qəbiristanlığında dəfn edilmiş şəhidlərin məzarları ziyarət olunub.
Saat 12:00-da rayon ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.






























