İranın təhlükəsizlik strukturlarında aparılan son kadr dəyişiklikləri və yüksək vəzifələrə SEPAH-a (İslam İnqilabı Keşikçiləri Korpusu) yaxın şəxslərin gətirilməsi bu qurumun ölkənin hərbi idarəçiliyindəki rolunu daha da gücləndirib. SEPAH artıq yalnız müstəqil hərbi struktur kimi deyil, İranın siyasi qərarvermə prosesinə birbaşa təsir göstərən ana güc mərkəzi kimi çıxış edir.
Avropa.info xəbər verir ki, bunu Sosdem.az-a İrandakı daxili hakimiyyət böhranını, SEPAH-ın ənənəvi ordu üzərindəki üstünlüyünü və Vaşinqton-Tehran xəttindəki gərginliyi şərh edərkən Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.
“Pezeşkian İlə SEPAH Arasındakı Böhran”
Ekspert ölkənin ali rəhbərliyindəki passivliyin SEPAH üçün yeni manevr imkanları yaratdığını diqqətə çatdırıb:
“Ali rəhbər Müctəba Xameneinin siyasi aktivliyinin görünməməsi SEPAH üçün əlavə manevr meydanı açıb. Prezident Məsud Pezeşkianın da sistem daxilində müəyyən fikir ayrılıqlarının mövcudluğunu açıq şəkildə vurğulaması hakimiyyət daxilində vahid mövqenin olmadığını göstərir.
Bu durum ABŞ-la münasibətlər və mümkün diplomatik danışıqlar baxımından mühüm əhəmiyyət daşıyır. Məhz SEPAH-ın mövqeyinin güclənməsi İranın Vaşinqtonla hər hansı razılaşmaya gəlməsini ciddi şəkildə çətinləşdirir. Korpus daha sərt xətt tərəfdarı kimi danışıqların uzadılmasında və güzəştlərdən yayınmaqda maraqlıdır. Bu baxımdan, prezident və siyasi-diplomatik qanadla SEPAH arasında yanaşma böhranı getdikcə dərinləşir. Proseslər bu məcrada davam edərsə, Pezeşkianın istefa verməsi belə istisna deyil”.
“Tehranın Sərt Mövqeyi Və Maksimum Müqavimət Siyasəti”
MCP başqan müavini ABŞ-İran danışıqlarının taleyinin daxili güc nisbətindən asılı olduğunu vurğulayıb:
“İranın ABŞ-la danışıqlarındakı əsas məsələ yalnız Vaşinqtonla Tehran arasındakı ziddiyyətlər deyil, həm də ölkə daxilində hansı siyasi və ya hərbi qanadın üstünlük qazanacağıdır. SEPAH-ın mövqeyi möhkəmləndikcə, İranın ABŞ qarşısında daha sərt mövqe tutması və yekun razılaşmanı mümkün qədər gecikdirməsi ehtimalı artır. Bu isə Tehranın yakın perspektivdə ‘tabe olmamaq’ və maksimum müqavimət siyasətini davam etdirəcəyini göstərir”.






























