Deputatların seçiciləri qarşısında məsuliyyəti və onların problemlərinin həllindəki səlahiyyətləri zaman-zaman müzakirə mövzusuna çevrilir.
Avropa.info xəbər verir ki, AZXEBER.COM mövzu ilə bağlı Milli Məclisin deputatlarına müraciət edib.
Milli Cəbhə Partiyasının başqanı, millət vəkili Razi Nurullayev bildirib ki, deputatın nüfuzu tutduğu vəzifənin adından deyil, sözünün çəkisindən və fəaliyyətinin nəticəsindən daha çox qaynaqlanır:
“Deputat həmkarım Naqif Həmzəyevə hörmətim böyükdür. Təbii ki, deputatların düşüncəsi, yanaşması və fikirləri müxtəlif ola bilər və bu, parlament fəaliyyətinin normal tərkib hissəsidir. Deputatın statusu ilə real səlahiyyətləri arasında müəyyən fərqlər var. Deputat yalnız qanunverici orqanın üzvü deyil, həm də seçicilərin təmsilçisidir. Onun əsas imkanları qanunvericilik təşəbbüsündə, parlament nəzarətində, hökumətə suallar ünvanlamaqda və seçicilərin problemlərini dövlət qurumları qarşısında qaldırmaqdadır.
Əlbəttə, deputatın icra hakimiyyətinin səlahiyyətlərini öz üzərinə götürməsi düzgün deyil. Amma dövlət qurumları da deputatın sorğusuna, zənginə və qaldırdığı məsələlərə biganə yanaşmamalı, onu qulaqardına vurmamalıdır. Deputatın arxasında seçicilərin etimadı dayanır. Onun müraciətlərinə laqeyd münasibət göstərildiyi halda, deputatın da daha sərt və prinsipial mövqe ortaya qoyacağını hər kəs bilməlidir. Parlament nəzarətinin mahiyyəti də məhz budur. Bunu da bilməliyik ki, deputatın nüfuzu tutduğu vəzifənin adından deyil, sözünün çəkisindən və fəaliyyətinin nəticəsindən daha çox qaynaqlanır”.




