İranın ali rəhbərinin müşaviri Əli Əkbər Vilayətinin Ermənistan və Cənubi Qafqazla bağlı açıqlamaları, eləcə də TRIPP layihəsini İranın “qırmızı xətti” kimi təqdim etməsi Tehranın Azərbaycanın geosiyasi və regional maraqlarına qarşı oturuşmuş siyasətinin davamıdır. Bəzi dairələrin bu fikirləri dövlət mövqeyi deyil, Vilayətinin şəxsi rəyi kimi təqdim etmək cəhdləri isə reallığı əks etdirmir.
Avropa.info xəbər verir ki, bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, siyasi analitik Vüqar Dadaşov Tehran rəsmilərinin son bəyanatlarını, İrəvandakı Göy məscid ətrafındakı mübahisələri və İranın Cənubi Qafqazdakı real imkanlarını şərh edərkən bildirib.
Göy məscid və SEPAH-ın aqressiv xətti
MCP rəsmisi İranın tarixi-mədəni irs məsələlərindəki mövqeyinə və SEPAH-ın ölkə siyasətindəki artan roluna diqqət çəkib:
“Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin 2 noyabr 2026-cı il tarixində İrəvandakı Göy məscidlə bağlı açıqlamasına İranın Ermənistandakı səfiri Xəlil Şirqulaminin məscidi Ermənistan–İranın birgə mədəni irsi kimi təqdim etməklə verdiyi reaksiya Tehranın dəyişməz hədəfinin məhz Azərbaycan olduğunu göstərir. İranın 90-cı illərdə torpaqlarımızın işğalına dəstəyi və 2020-ci ildə ərazilərimizin azad edilməsinə qarşı nümayiş etdirdiyi müdaxilə cəhdləri bu siyasətin tərkib hissəsidir. İsrail və ABŞ-la müharibədən sonra hakimiyyətin SEPAH-ın nəzarətində cəmləşməsi, prezident Məsud Pezeşkianın səlahiyyətlərinin isə əsasən iqtisadi məsələlərlə məhdudlaşdırılması Azərbaycana qarşı siyasəti daha da aqressivləşdirib”.
Tehranın təhlükəsizlik iddiaları əsassızdır
Analitik Tehranın regional təhlükəsizlik iddialarının arxasında real gücün dayanmadığını vurğulayıb:
“Cənubi Qafqazın təhlükəsizliyinə nəzarət etmək iddiasına gəldikdə isə İranın buna nə iqtisadi, nə hərbi potensialı, nə də siyasi-ideoloji bazası yoxdur. Müharibə zamanı ali rəhbər də daxil olmaqla 50-dən çox yüksək rütbəli siyasi və hərbi rəhbərin məhv edilməsi, təhlükəsizlik sistemindəki boşluqlar və iqtisadi blokada göz qabağındadır. Belə bir şəraitdə digər dövlətlərin təhlükəsizliyinə nəzarət iddiası real imkan deyil, yalnız psixoloji və siyasi-informasiya təzyiqi cəhdidir. TRIPP layihəsinə qarşı çıxmaqla Tehran həm də ABŞ-ı yeni cəbhə ehtimalı ilə çəkindirməyə çalışır”.
Tarixi sövdələşmələr və indiki manevrlər
Başqan müavini Tehranın xarici siyasət davranışlarının tarixi köklərinə və Rusiya-ABŞ münasibətləri fonundakı manevrlərinə toxunaraq fikirlərini yekunlaşdırıb:
“1943-cü il Tehran konfransında Məhəmməd Rza Pəhləvinin Stalin qarşısında baş əyməsi, 1946-cı ildə isə baş nazir Qəvvam Əs-Səltənənin Azərbaycan Milli Hökumətinə dəstəyin dayandırılması üçün Moskvada Stalinin ayaqlarına düşərək əllərindən öpməsi tarixi faktdır. Bu faktlar sübut edir ki, İran Azərbaycan məsələsində böyük dövlətlərlə sövdələşmələrdə alçaldıcı davranış təcrübəsi nümayiş etdirir. Hazırda Tehranın Rusiyanı regionun təhlükəsizliyinə cəlb etmək cəhdi də ABŞ–Rusiya münasibətlərindəki istiləşmə fonunda Moskvanın siyasətindəki dəyişikliklərdən narahatlıqla bağlıdır. Eyni zamanda Vilayətinin açıqlamaları Azərbaycan-Türkiyə münasibətlərində müşahidə olunan bəzi fikir ayrılıqlarından istifadə etmək cəhdi kimi də dəyərləndirilə bilər”.




