ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi güc və hərbi təzyiq siyasətinin dəyişdiyini, Vaşinqtonun iqtisadi təzyiq və blokada mərhələsinə keçdiyini elan edib. İndiki mərhələdə bu dəyişiklik regionda genişmiqyaslı müharibənin və onun daha geniş coğrafiyaya yayılmasının qarşısının alınması baxımından mühüm gedişdir. Lakin bu, ABŞ-ın İranla müharibədən imtina etməsi anlamına gəlmir.
Bunu Avropa.info-yaMilli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.
“Əsas Hədəf İranın Daxili Sabitliyidir”
Politoloq hərbi gücdən iqtisadi blokadaya keçidin arxasında duran strateji məqsədləri açıqlayıb:
“İqtisadi təzyiq və blokada uzunmüddətli baxımdan hərbi güc tətbiqindən daha effektiv ola bilər. Bu variantda əsas hədəf İranın daxili sabitliyidir. İqtisadi vəziyyətin ağırlaşması, sosial narazılığın artması və əhalinin hakimiyyətə qarşı çıxması daxili böhranı dərinləşdirə bilər.
Şübhəsiz ki, ABŞ və İsrailin İrana qarşı başladığı birbaşa müharibə İran cəmiyyətini, hətta hakimiyyətə qarşı narazı təbəqələri belə rejimin ətrafında birləşdirdi, konsolidasiya effekti verdi. Əvvəlki hərbi ssenari İranın suverenliyini qorumaqla Tehranı ABŞ-a loyallığa, nüvə və raket proqramlarından imtinaya məcbur etməyə hesablanmışdı. İndi isə neft ixracının dayandırılması, sanksiyaların sərtləşdirilməsi və iqtisadi, ticarət və dəniz blokadasının gücləndirilməsi daha dərin – rejimin dəyişməsi və hətta İranın parçalanmasına zəmin yaradılması məqsədi daşıyır”.
“Tehran Üçün Hərbi-Strateji Məğlubiyyət”
MCP rəsmisi SEPAH-ın təhdidlərinə və Körfəzdə dəyişən tranzit marşrutlarına diqqət çəkib:
“İranın müharibədən bu cür çıxışı region üçün ciddi risklər ortaya qoyur. Trampın açıqlamasından sonra SEPAH-ın özünü regionun əsas gücü elan etməsi və Avropanı belə vurmaq təhdidləri göstərir ki, İran məsələsi başa çatmayıb. NATO isə müttəfiqlərini müdafiə edəcəyini bildirib.
Hörmüz boğazı ətrafında gedən proseslər bu strategiyanın mühüm hissəsidir. Körfəz ölkələrinin neft ixracını Oman sektoru ilə davam etdirməsi, eyni zamanda Trampın Hörmüzün strateji əhəmiyyətinin azalması və alternativ marşrutların formalaşdırılması barədə mövqeyi Tehran üçün ciddi hərbi-strateji məğlubiyyətdir”.
“Ölkənin Parçalanma Riski Var”
Politoloq İran daxilindəki mümkün hakimiyyət tranziti və parçalanma ssenarilərini belə qiymətləndirib:
“Donald Trampın SEPAH-la ABŞ arasında gizli əlaqələrin qurulmasına dair açıqlaması da göstərir ki, SEPAH İranda mövqelərini qorumaq və gələcək siyasi süreçdə rolunu təmin etmək üçün ABŞ-la danışıqlara getmək məcburiyyətindədir.
Əgər İran daxilində nəzarətli və sivil hakimiyyət keçidi mümkün olarsa, dövlətçiliyə qarşı risklərdən yayınmaq olar. Əks halda, ölkənin parçalanması, Hörmüz ətrafı ərazilər və digər bölgələrin mərkəzi hakimiyyətin nəzarətindən çıxması, hətta müəyyən ərazilərin müstəqilliyi istisna edilmir. Beləliklə, ABŞ mübarizəni xarici cəbhədən daxili cəbhəyə keçirir, əsas hədəf İranın hərbi imkanlarından çox onun siyasi sabitliyidir”.






























