Güclü yağışlar Azərbaycanda ciddi fəsadlar törətdi. Hökumət, dövlətimiz sağ olsun ki, müəyyən addımlar atıldı və buna görə zəhməti keçən hər kəsə təşəkkür edirəm. Xüsusilə Daxili İşlər Nazirliyinin əməkdaşları, Fövqaladə Hallar Nazirliyi gecə-gündüz çalışdılar və bunu mütləq vurğulamalıyam.
Bununla bərabər deməliyəm ki, bu gün də evi suyun içində qalan və qapısı döyülməyən vətəndaşlar var.
Avropa.info xəbər verir ki, bunu Milli Məclisin iclasında çıxışı zamanı Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev deyib.
“Təəssüflə deməliyəm ki, heç də aidiyyatı olan dövlət qurumları işinin öhdəsindən gəlməyib, zamanında ciddi həyacan siqnalı da verməyiblər.
Buradan Fövqəladə Hallar Nazirliyinə təşəkkürümü bildirmək istəyirəm. Cənab nazirə, müavinlərinə, bütün kollektivə “sağ ol” deyirəm. Yalnız onlar telefon zənglərimə cavab verib operativ qərar qəbul etdilər. Gözümüzün qabağında insanları xilas etdilər, neçə günlər xidməti maşınlarda gecələdilər.
Amma, aidiyyatı olan orqanların bir çoxunun laqeydliyinin şahidi olduq. Çox təəssüf. Amma, bilsinlər ki, onlar Parlamentdə olan zaman çətin suallarla üzləşməli olacaqlar. Hər bir dövlət qurumu üzərinə düşən vəzifəni vicdanla yerinə yetirməlidir”, – deputat deyib.
Millət vəkili sonda, FHN-nin kollektivinin yüksək medal və təltiflərə layiq olduqlarını qeyd edib