ABŞ-ın Nevada ştatında baş verən meşə yanğını səbəbindən 42 min nəfərin təxliyəsi əmri verilib. Bölgədə fövqəladə vəziyyət elan edilsə də, yanğını hələlik nəzarət altına almaq mümkün olmayıb.
Avropa.info xəbər verir ki, ABŞ-ın Nevada ştatında başlayan və güclü külək səbəbiylə sürətlə yayılan meşə yanğını səbəbilə 42 min nəfər üçün təxliyə əmri verilib, Vaşo qraflığında isə fövqəladə vəziyyət elan edilib.
Avqustun 22-də Reno şəhərinin şimal-qərbində başlayan yanğın təsirini artıraraq təxminən 60 kvadrat kilometr əraziyə yayılıb.
Yanğın hələ ki, nəzarət altına alınmayıb.
Səlahiyyətlilər, dəyişən küləyin istiqamətinin alovların yanğınsöndürən maşınlara yayılmasına səbəb olduğunu, qrupların qaynar nöqtələrə çatmasını çətinləşdirdiyini və yanğının “insan səbəbli” olduğunu açıqladılar.
Yanğın zamanı 3-ü ilkin müdaxilə edənlər də daxil olmaqla 6 nəfər xəsarət alıb, çoxlu sayda yaşayış evinə ziyan dəyib.
42 min nəfər üçün məcburi təxliyə əmri verilib. Təxminən 45 min insanın yaşadığı qonşu bölgələrdə yaşayanlara təxliyəyə hazır olmaları barədə xəbərdarlıq edilib.
Nevada qubernatoru Co Lombardo Vaşo dairəsində fövqəladə vəziyyət elan edib və ştatın Milli Qvardiyasını yerləşdirib.































