Yəməndə İranın dəstəklədiyi husilər hökumət qüvvələri ilə toqquşmada 12 üzvünün öldüyünü açıqlayıb.
Avropa.info xəbər verir ki, Husilərə bağlı Əl-Məsirə kanalının xəbərinə görə, Səna, Səda, Həccah, Məhvit, Zəmər və Əmran şəhərlərində husilərin 12 üzvü üçün dəfn mərasimi keçirilib.
Xəbərdə ölənlər arasında 4 zabitin olduğu bildirilsə də, bu şəxslərin nə vaxt və harada öldüyü barədə məlumat verilməyib.
Yəməndə 2022-ci ilin aprelindən nisbi sakitlik olsa da, 2014-cü ilin sentyabrından paytaxt Səna və bəzi əyalətlərə nəzarət edən husilərlə hökumət qüvvələri arasında ara-sıra qarşıdurmalar yaşanır.
2026-cı ilin iyul ayının əvvəlindən bu yana bir çox cəbhədə gərginlik yenidən artdıqca, 2022-ci ildən bəri ölkədə baş verən ən şiddətli qarşıdurmalarda hər iki tərəfdən onlarla insan ölüb və yaralanıb.
Ərəb Koalisiyası həmçinin 2022-ci ildən bəri ilk dəfə olaraq Yəmənin qərbindəki Hudeyda əyalətindəki Husi məntəqələrini və Kameran adasını hədəf alan hava zərbələri endirib.
Husilər Səudiyyə Ərəbistanındakı bəzi obyekt və məntəqələri pilotsuz uçuş aparatları ilə hədəfə aldıqlarını açıqlayıb.
Səudiyyə Ərəbistanı rəhbərlik etdiyi Ərəb Koalisiyası vasitəsilə Yəmən hökumətini dəstəkləsə də, Ər-Riyad və müttəfiqləri İranı husilərə dəstək verməkdə ittiham edir.






























