“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi “İşğaldan azad edilmiş ərazilərə geri qayıdan insanların mina və partlamamış hərbi sursat təhlükəsinə dair maarifləndirilməsi” layihəsi çərçivəsində növbəti tədbiri Xocavənd şəhərində keçirib.
Avropa.info xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə Qarabağ Dirçəliş Fondunun və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin tərəfdaşlığı ilə həyata keçirilən qrant müsabiqəsi çərçivəsində icra olunur.
Xocavənd şəhərində 1 saylı tam orta ümumtəhsil məktəbində keçirilən tədbirdə müəllimlər, şagirdlər, yerli sakinlər və Xocavənd rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları olmaqla, ümumilikdə 140 nəfər iştirak edib.
Tədbirdə layihənin rəhbəri tərəfindən layihənin məqsədləri, donorları, ölkədə mina təmizləmə əməliyyatları və mina qurbanları barədə məlumat verilib. Təlimçilər isə iştirakçıları ən çox rast gəlinən mina və partlamamış hərbi sursat növləri, təhlükəsiz davranış qaydaları və digər zəruri məsələlər barədə məlumatlandırıblar. İştirakçılara layihə çərçivəsində hazırlanmış bukletlər də təqdim olunub.
Bildirilib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən işğaldan azad edilmiş ərazilərdə yeni tikilən və ya bərpa olunan şəhər və kəndlərə keçmiş məcburi köçkünlərin daimi yaşamaq üçün geri qayıdışı təşkil edilir. Bu səbəbdən həmin şəxslərin partlayıcı sursatların yaratdığı risklər, təhlükə zamanı hansı dövlət orqanlarına və necə müraciət etməli olduqları barədə məlumatlandırılması, eləcə də təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması mühüm əhəmiyyət daşıyır.
Layihənin əsas məqsədi işğaldan azad edilmiş Xocavənd, Cəbrayıl, Zəngilan, Laçın, Şuşa və Kəlbəcər rayonlarına daimi yaşamaq üçün geri qayıdan keçmiş məcburi köçkünlərin, həmçinin bu ərazilərdə işləyən və təhsil alan şəxslərin partlayıcı sursatların təhlükəsi barədə maarifləndirilməsi, partlayış risklərinin azaldılması və təhlükəsiz davranış vərdişlərinin formalaşdırılmasıdır.
Tədbir iştirakçıları və məktəbin müəllimləri tədbirin təşkilinə görə “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyinə və layihənin donorlarına minnətdarlıqlarını bildiriblər.
Partlayıcı sursatlar təhlükəsinə dair növbəti maarifləndirmə tədbirinin Şuşa şəhərində keçirilməsi nəzərdə tutulur.

































