Azərbaycanın Avropa təşkilatlarında iştirakı ilk növbədə öz mövqeyimizi birbaşa ifadə etmək və milli maraqlarımızı müdafiə etmək baxımından vacibdir.
Avropa.info xəbər verir ki, bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev deyib.
“Arqumentlərimizi Faktlarla Ortaya Qoymalıyıq”
Millət vəkili Azərbaycanın Avropa platformalarındakı fəaliyyət prinsipini belə şərh edib:
“Biz orada kiminsə mövqeyini qəbul etmək üçün yox, Azərbaycanın həqiqətlərini, mövqeyini və reallıqlarını çatdırmaq üçün iştirak edirik. Təbii ki, Avropa platformalarında Azərbaycana qarşı tənqidi və bəzən də bizim ədalətsiz hesab etdiyimiz yanaşmalar səslənir. Amma bunun cavabı heç də hər zaman həmin platformalardan uzaqlaşmaq olmamalıdır. Əksinə, Azərbaycan öz sözünü daha fəal deməli, arqumentlərini faktlarla ortaya qoymaqda davam etməlidir, necə ki, hazırda edir”.
“Prezidentin Mesajları Qarşılıqlı Hörmət Çağırışıdır”
MCP başqanı dövlət başçısının xarici siyasət kursunu və Avropa ilə münasibətləri dəyərləndirib:
“Prezidentin son mesajlarını Avropadan uzaqlaşmaq kimi deyil, münasibətlərin qarşılıqlı hörmət və bərabərhüquqluluq əsasında qurulması çağırışı kimi görürəm. Azərbaycan Avropa ilə əməkdaşlıqda maraqlıdır və enerji, nəqliyyat, ticarət və digər sahələrdə bu əməkdaşlıq hər iki tərəf üçün əhəmiyyətlidir”.
“Dövlətçilik Xəttimizi Və Milli Maraqlarımızı Qorumalıyıq”
Parlamentari əməkdaşlığın qırmızı cizgilərini və gələcək perspektivləri vurğulayıb:
“Amma əməkdaşlıq o demək deyil ki, Azərbaycan öz milli maraqlarından və müstəqil mövqeyindən imtina etməlidir. Biz Avropa ilə əməkdaşlıq edə bilərik və etməliyik, eyni zamanda öz dövlətçilik xəttimizi, milli maraqlarımızı və müstəqil qərarvermə hüququmuzu qorumalıyıq. Gələcəkdə əsas sual da budur: fikir ayrılıqlarına baxmayaraq, Azərbaycan və Avropa bir-birinə daha çox hörmət edən və praqmatik dialoqa əsaslanan münasibət qura biləcəkmi? Məncə, bu mümkündür və bunu görə biləcəyik”.





























