23 - 08 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Araşdırma

Qaçaq Nəbi və Həcər xanım: Arxiv sənədləri işığında ailə tarixi – FOTOLAR

Avqust 23, 2026
Araşdırma, Manşet
A A

Arxiv sənədləri, tarixi əsərlər, yazılı qaynaqlar və ailə yaddaşı əsasında şəcərə-bioqrafik araşdırma

Cəsarət Bayramov,
Qubadlı rayonu, Dəmirçilər kənd sakini

Tarixdə elə adlar var ki, zaman keçdikcə bir insanın adından çıxıb bütöv bir elin yaddaşına çevrilir. Qaçaq Nəbi və Həcər xanım məhz belə adlardandır.

Onlar haqqında dastanlar yaranıb, nəğmələr qoşulub, kitablar yazılıb, müxtəlif dövrlərdə araşdırmalar aparılıb. Nəbinin mübarizəsi, Həcərin mərdliyi xalq yaddaşında çoxdan öz yerini tutub. Lakin bu böyük tarixin arxasında çox zaman kölgədə qalan başqa bir tarix də yaşayır: ata-babaların, əmilərin, əmioğullarının, bacı-qardaşların, övladların və müxtəlif ölkələrə qədər uzanan sonrakı nəsillərin tarixi.

Mən bu yazıda həmin parçaları mümkün qədər bir-birinə bağlamağa çalışmışam. Məqsədim sadəcə adları ard-arda düzüb bir şəcərə yaratmaq deyil. İstəyirəm ki, Nəbi və Həcər qarşımızda yalnız dastan qəhrəmanları kimi deyil, ailəsi, qohumları, doğulduqları mühit və özlərindən sonra davam edən nəsli olan real insanlar kimi görünsünlər.

Burada göstərilən tarixlərin bir hissəsi sənədlərdə birbaşa qeyd olunub, bir hissəsi isə kameral siyahılarda göstərilən yaşlardan hesablanıb. Buna görə birbaşa sənədlə təsdiqlənməyən tarixlərin qarşısında “təxminən” ifadəsi saxlanılır. Tarixin bizə demədiyini onun adından söyləməkdənsə, bilinməyən yeri açıq saxlamaq daha doğru yanaşmadır.

KÖÇƏRİ KİŞİ — NƏBİ NƏSLİNİN GÖRÜNƏN ƏN QƏDİM KÖKÜ

Qaçaq Nəbinin ata xəttində bu günə qədər müəyyənləşdirə bildiyimiz ən qədim şəxs Köçəridir.

Köçərinin doğum və ölüm tarixini birbaşa göstərən sənəd hələ müəyyən edilməyib. Oğullarının yaşlarını nəzərə aldıqda onun təxminən 1790-cı illər ətrafında doğulduğunu ehtimal etmək mümkündür.

Əldə olan sənədlər Köçərinin iki oğlunu aydın şəkildə göstərir: Məhəmməd Köçəri oğlu və Alməmməd Köçəri oğlu.

Məhz bu iki qardaşdan sonra ailənin bizə görünən şəcərəsi iki əsas qola ayrılır. Bir qol Nəbinin əmisi Məhəmməddən, digər qol isə onun atası Alməmməddən davam edir.

MƏHƏMMƏD KÖÇƏRİ OĞLU — NƏBİNİN ƏMİSİ VƏ DÖRD ƏMİOĞLU

1874-cü ilin Mollu kəndinə aid kameral təsvirində Məhəmməd Köçəri oğlu 56 yaşında göstərilir. Bu rəqəmdən çıxış etdikdə onun təxminən 1818-ci ildə doğulduğunu qəbul etmək mümkündür. Ölüm tarixi hazırda müəyyən edilməyib.

Məhəmməd Köçəri oğlu Qaçaq Nəbinin əmisi idi. Eyni sənəddə onun dörd oğlunun da adı və yaşı göstərilir:

İsmayıl Məhəmməd oğlu — 36 yaş; təx. 1838-ci il doğumlu.
Xancan Məhəmməd oğlu — 15 yaş; təx. 1859-cu il doğumlu.
Usub Məhəmməd oğlu — 13 yaş; təx. 1861-ci il doğumlu.
Xudaverdi Məhəmməd oğlu — 5 yaş; təx. 1869-cu il doğumlu.

Bu dörd şəxs Qaçaq Nəbinin əmisi oğlanlarıdır. Onların ölüm tarixləri barədə hazırda etibarlı məlumat müəyyən edilməyib.

Köçəri → Məhəmməd → İsmayıl • Xancan • Usub • Xudaverdi

İlk baxışda bunlar sadəcə bir ailə siyahısı kimi görünə bilər. Əslində isə həmin adlar Qaçaq Nəbinin arxasında geniş, real və sənədlə görünən bir nəsil dayandığını göstərir.

ALMƏMMƏD KÖÇƏRİ OĞLU — QAÇAQ NƏBİNİN ATASI

Köçərinin digər oğlu Alməmməd Köçəri oğludur.

1874-cü ilin kameral təsvirində Alməmməd 50 yaşında göstərilir. Buna əsasən onun doğumunu təxminən 1824-cü ilə aid etmək mümkündür.

1886-cı ilin Əyal dəftərində isə Nəbinin adı birbaşa “Nəbi Alməmməd oğlu” şəklində yazılır. Həmin siyahıda Məhərrəm, onun oğlu Məmməd və Mehdi də görünür.

Bu qeyd xüsusi əhəmiyyət daşıyır. Çünki Nəbinin atasının adını yalnız dastan və şifahi rəvayətlərdən deyil, XIX əsrə aid inzibati sənəddən oxuyuruq.

1874-cü ildə Alməmməd həyatda idi. 1886-cı il materialının şərhindən isə onun həmin tarixə qədər artıq vəfat etdiyi nəticəsi çıxır.

Alməmməd Köçəri oğlu — təx. 1824; ölüm tarixi 1874–1886-cı illər arası.

Köçəri → Alməmməd Köçəri oğlu → Nəbi Alməmməd oğlu

QAÇAQ NƏBİ — AŞAĞI MOLLUDAN TARİXƏ ÇIXAN AD

Qaçaq Nəbinin sənədlərdə müəyyən edilən adı Nəbi Alməmməd oğludur. Xalq yaddaşında isə o daha çox Nəbi Alı oğlu kimi tanınıb.

Nəbinin doğum ili barədə müxtəlif tarixlər göstərilir. Kameral siyahıların yaş göstəricilərində müəyyən uyğunsuzluqlar olduğundan, mövcud məlumatların ümumi müqayisəsi əsasında bu araşdırmada onun doğumu təxminən 1851–1854-cü illər arasında qəbul edilir.

Doğum yeri — Aşağı Mollu kəndi, Zəngəzur qəzası
Doğum tarixi — təx. 1851–1854
Ölüm tarixi — 12 mart 1896
Ölüm yeri — İran–Osmanlı sərhəd bölgəsində Larin (Larni) kəndi yaxınlığı

Aşağı Molluda başlayan bir ömür Larin yaxınlığında sona çatdı. Amma tarixdə hər ölüm son nöqtə olmur. Bəzən insanın həyatı başa çatdığı anda onun xalq yaddaşındakı ikinci ömrü başlayır.

Nəbinin ömrü 1896-cı ildə bitdi, adı isə həmin tarixdən sonra daha uzun bir yol getdi.

MƏHƏRRƏM — NƏBİNİN BÖYÜK QARDAŞI

Nəbinin böyük qardaşı Məhərrəm Alməmməd oğlu idi.

1874-cü ilin kameral siyahısında Məhərrəm 29 yaşında göstərilir. Bu hesabla onun doğumunu təxminən 1845-ci ilə aid etmək mümkündür.

1886-cı ilin Əyal dəftərində Məhərrəmin Məmməd adlı 3 yaşlı oğlu da qeyd olunur. Buna görə Məmmədin doğumu təxminən 1883-cü ilə düşür.

Məhərrəm Alməmməd oğlu — təx. 1845
Məmməd Məhərrəm oğlu — təx. 1883

Onların ölüm tarixləri hazırda müəyyən edilməyib.

MEHDİ — QARDAŞLIQDAN SİLAHDAŞLIĞA UZANAN FACİƏLİ TALE

Nəbinin kiçik qardaşı Mehdi Alməmməd oğlu idi.

1886-cı ilin Əyal dəftərində Mehdi 15 yaşında göstərilir. Buna əsasən onun təxminən 1871-ci ildə doğulduğunu qəbul etmək mümkündür.

Mehdi sonralar yalnız Nəbinin qardaşı olaraq qalmadı. O, qardaşının mübarizə yolunun yaxın iştirakçılarından və silahdaşlarından birinə çevrildi.

Onun həyatı faciəli şəkildə sona çatdı.

Mehdi Alməmməd oğlu — təx. 1871 – 20 iyul 1894, Qarçıvan.

Sonrakı yazılı mənbələrdə Mehdinin Qarçıvan kəndində öldürüldüyü göstərilir. Yer adına müxtəlif yazılışlarla rast gəlinməsinə baxmayaraq, hadisənin Qarçıvanla bağlılığı qorunur.

Beləcə, Nəbinin özündən təxminən iki il əvvəl onun həm doğma qardaşı, həm də ən yaxın silahdaşlarından biri həyatını itirdi.

ZEYNƏB ALMƏMMƏD QIZI — NƏBİNİN BACISI

Qaçaq Nəbinin Zeynəb Alməmməd qızı adlı bacısı da olmuşdur.

Onun doğum və ölüm tarixləri indiyədək dəqiq müəyyən edilməyib.

Burada mühüm bir fərqi xüsusi qeyd etmək lazımdır: Zeynəb Alməmməd qızı ilə Nəbi və Həcərin qızı Zeynəb Nəbi qızı ayrı-ayrı şəxslərdir.

Biri Nəbinin bacısı, digəri isə onun övladıdır.

HƏCƏR XANIM — YUXARI MOLLUNUN MƏRD QIZI

Qaçaq Nəbinin həyat və mübarizə yolunu Həcərsiz təsəvvür etmək mümkün deyil.

Həcər Molla Xanəli qızı

Doğum ili — 1860
Doğum yeri — Yuxarı Mollu kəndi, Zəngəzur qəzası
Ölüm ili — 1914
Ölüm yeri — Aşağı Mollu kəndi

Həcərin atası Molla Xanəli Əsəd oğlu idi.

1874-cü ilin kameral təsvirində Xanəli Əsəd oğlu 35 yaşında, onun qardaşları Məmmədalı 30, Allahverən isə 8 yaşında göstərilir.

Buna əsasən:

Molla Xanəli Əsəd oğlu — təx. 1839
Məmmədalı Əsəd oğlu — təx. 1844
Allahverən Əsəd oğlu — təx. 1866

Burada qohumluq münasibətini qarışdırmamaq xüsusilə vacibdir: Məmmədalı və Allahverən Həcərin qardaşları deyil. Onlar Həcərin atası Xanəlinin qardaşları, yəni Həcərin əmiləridir.

Əsəd → Molla Xanəli Əsəd oğlu → Həcər

Əsədin dəqiq doğum və ölüm tarixləri məlum deyil. Nəsil ardıcıllığına əsasən onun doğumunu təxminən 1800–1815-ci illər arasına aid etmək mümkündür.

HƏCƏRİN BACI-QARDAŞLARI — EYNİ AİLƏNİN ORTAQ TALEYİ

Hazırda əldə olan yazılı məlumatlarda Həcərin bir qardaşının adı konkret müəyyən edilir: Məhəmməd Molla Xanəli oğlu.

Mehri isə sonrakı mənbələrin bir qismində Həcərin bacısı, bəzi təqdimatlarda isə yaxın ailə üzvü kimi göstərilir. Buna görə Mehri barədə qəti arxiv hökmü verməkdənsə, mənbələrin təqdim etdiyi ehtiyatlı ifadəni saxlamaq daha doğru görünür.

Həcərin başqa qardaşının adını etibarlı yazılı mənbə ilə təsdiqləmək hazırda mümkün olmayıb.

MƏHƏMMƏD MOLLA XANƏLİ OĞLU — ON İLLİK KATORQA

Həcərin qardaşı Məhəmməd Molla Xanəli oğlu Nəbinin mübarizə çevrəsinə qoşulan şəxslərdən biri kimi göstərilir.

O, sonradan tutulmuş və 10 il katorqa cəzasına məhkum edilmişdir.

Mənbələr onun cəzasını başa vurduqdan sonra kəndinə qayıtdığını bildirir. Lakin bu onillik katorqanın konkret hansı şəhərdə, həbsxanada və ya sürgün bölgəsində çəkildiyini təsdiqləyən sənəd hazırda müəyyən edilməyib.

Tarixin bilmədiyimiz yerinə özümüzdən ad yazmaqdansa, həmin boşluğu açıq saxlamaq daha doğrudur.

MEHRİ — HƏCƏRİN YANINDA GÖRÜNƏN QADIN

Sonrakı yazılı mənbələrdə Mehri Həcərin yaxın ailə üzvü, bir sıra mənbələrdə isə onun bacısı kimi təqdim olunur.

Həcər və Mehrinin Çiçəkli kəndində tutulduğu, daha sonra Gorusda saxlanıldığı və 28 oktyabr 1895-ci ildə azad edildiyi barədə məlumatlar mövcuddur.

Bu epizod Nəbinin mübarizəsinin yalnız onun öz həyatı ilə məhdudlaşmadığını göstərir. Həmin yolun ağırlığı ailəyə, qadınlara və yaxın qohumlara qədər gedib çatırdı.

Bəzən bir insanın seçdiyi yolun yükünü bütöv bir ailə daşıyır.

HƏCƏRİN HƏYATINDA İKİ AİLƏ MƏRHƏLƏSİ

Həcərin birinci həyat yoldaşı Qaçaq Nəbi olmuşdur.

Nəbinin 1896-cı ildə ölümündən sonra Həcər həyatının sonrakı dövründə Nəbinin qohumlarından olan Həmzə ilə ailə qurmuşdur.

Birinci həyat yoldaşı — Qaçaq Nəbi
İkinci həyat yoldaşı — Həmzə

Həcər ömrünün son dövrünü Mollu mühitində keçirmiş və 1914-cü ildə Aşağı Molluda vəfat etmişdir.

MƏNŞƏ MƏSƏLƏSİ — İDDİADAN ƏVVƏL SƏNƏDƏ BAXAQ

Qaçaq Nəbi və Həcərin etnik mənşəyi barədə sonrakı dövrlərdə müxtəlif iddialar irəli sürülüb. Xüsusilə onların kürd mənşəli olması barədə fikirlərə də rast gəlinir. Belə həssas məsələdə əsas ölçü sonradan yaranmış ehtimal deyil, Nəbinin yaşadığı dövrə yaxın yazılı sənədlərdir.

1874-cü ilin kameral materialında Mollu kəndinin əhalisi Rusiya imperiyasının həmin dövrdə işlətdiyi terminologiya ilə “müsəlman tatarlar” kimi təqdim edilir. XIX əsrin Qafqaz inzibati sənədlərində bu termin yerli müsəlman türk əhalisinə münasibətdə geniş işlədilirdi. Mollu sakinlərinin həmin sənəddə ayrıca kürd kimi qeydə alınmaması bu mübahisədə mühüm məqamdır.

Bəhlul Behcətin təqdimatında da Mollu kəndləri türk mühiti ilə əlaqələndirilir.

Buna görə əldə olan ilkin və dövrə yaxın yazılı mənbələrin verdiyi ümumi mənzərə kifayət qədər aydındır: Qaçaq Nəbi və Həcərin kürd mənşəli olduqlarını birbaşa təsdiqləyən eyni səviyyəli ilkin arxiv sənədi hazırda ortaya qoyulmayıb. Əksinə, mövcud sənədlər onların türk-müsəlman Mollu mühitinə mənsub olması qənaətini daha güclü şəkildə dəstəkləyir.

Başqa sözlə, Nəbi və Həcəri kürd mənşəli kimi təqdim etmək üçün iddia yetərli deyil — bunu təsdiqləyən dövrə aid möhkəm sənəd tələb olunur. Hazırda əlimizdə olan sənədli mənzərə isə əks istiqaməti göstərir.

Tarixdə mənşə haqqında hökmü sonradan yaranmış iddia deyil, dövrün öz sənədi verməlidir.

NƏBİ VƏ HƏCƏRİN ÜÇ ÖVLADI — BİR OCAQDAN AYRILAN ÜÇ YOL

Ailə yaddaşında və sonrakı nəsil məlumatlarında Qaçaq Nəbi və Həcərin üç övladının adı qorunub:

Xəlil Nəbi oğlu
Əhməd Nəbi oğlu
Zeynəb Nəbi qızı

Sonrakı nəsillərin taleyi məhz bu üç qol üzrə izlənir.

Eyni ocaqdan başlayan üç yol zaman keçdikcə müxtəlif coğrafiyalara yayılıb: bir qol İran Azərbaycanına, bir qol Türkiyəyə və oradan Avstraliyaya, digər qol isə Azərbaycanda sonrakı nəsillərə qədər uzanıb.

XƏLİL NƏBİ OĞLU — MAKUYA UZANAN QOL

Xəlilin dəqiq doğum sənədi hazırda müəyyən edilməyib.

Ailə məlumatlarında Nəbinin ölümündən sonra oğullarının yeniyetmə yaşlarında olduğu bildirilir. Bu məlumat əsas götürülərsə, Xəlilin doğumunu təxminən 1879–1881-ci illərə yaxın hesab etmək mümkündür.

Sonrakı ailə yaddaşında Xəlilin nəsil xətti Türkiyə və daha sonra İranın Maku bölgəsi ilə əlaqələndirilir.

Xəlil → Ziyad → Bəhram

Xəlilin, Ziyadın və Bəhramın dəqiq doğum və ölüm tarixləri hələ müəyyən edilməyib. Bu qol barədə məlumatların əsas hissəsi ailə yaddaşından gəldiyinə görə yeni sənədlərin tapılması həmin xətti daha da dəqiqləşdirə bilər.

ƏHMƏD NƏBİ OĞLU — TÜRKİYƏYƏ UZANAN NƏSİL

Nəbi və Həcərin digər oğlu Əhməd Nəbi oğludur.

Ailə məlumatlarında Nəbinin ölümündən sonra oğullarının təxminən 15–17 yaşlarında olduğu bildirildiyindən Əhmədin doğumu təqribən 1879–1881-ci illərə yaxın hesab edilə bilər.

Sonrakı dövrdə Əhmədin ailəsinin Türkiyə istiqamətinə keçdiyi, nəsil xəttinin İğdır, Qars və Sarıqamış bölgələri ilə bağlandığı bildirilir.

Əhmədin ölüm tarixi hələ müəyyən edilməyib.

Onun məlum nəsil xəttində xüsusilə bir ad önə çıxır:

Mehralı Əhməd oğlu

MEHRALI ƏHMƏD OĞLU — AİLƏ YADDAŞINI NÖVBƏTİ NƏSLƏ DAŞIYAN AD

Ailə məlumatına görə Mehralı Azərbaycanda doğulmuş, sonrakı köçlər zamanı ailəsi ilə birlikdə Türkiyəyə keçmişdir.

1915-ci illər ətrafında onun 3–4 yaşında olması barədə məlumat əsas götürülərsə, Mehralının doğumunu təxminən 1911–1912-ci illərə aid etmək mümkündür.

Mehralı ailə tarixinin sonrakı nəslə çatdırılmasında mühüm yer tutub.

Onun oğullarından biri Mehmet Elturandır.

MEHMET ELTURAN — SARİQAMIŞDAN MELBURNA UZANAN YADDAŞ

Mehmet Elturanın ailə xətti belə göstərilir:

Qaçaq Nəbi → Əhməd → Mehralı → Mehmet Elturan

Mehmet Elturan 1951-ci ildə Türkiyədə doğulub. Ailə məlumatlarında onun Qars–Sarıqamış mühiti ilə bağlılığı göstərilir.

O, 1975-ci ildə Avstraliyaya köçərək sonrakı həyatını Melburnda davam etdirib.

Mətbuata verilən ailə məlumatlarına görə Mehmet Elturanın 3 övladı və 8 nəvəsi vardır.

Bu məqamı xüsusi dəqiqləşdirmək lazımdır: 3 övlad və 8 nəvə məlumatı Əhmədə deyil, məhz Mehmet Elturana aiddir.

Ailədə Nəbinin adı da qorunub. Sonrakı nəsildə uşaqlardan birinə Nəbi adı verilməsi bir ailə yaddaşının yüz ildən artıq zamanı necə keçdiyini göstərən maraqlı bir işarədir.

Bir vaxtlar Aşağı Molluda səslənən bir adın dünyanın o biri tərəfində yenidən yaşaması bu ailə tarixinin ən təsirli cizgilərindən biridir.

ZEYNƏB NƏBİ QIZI — AZƏRBAYCANDA DAVAM EDƏN QOL

Nəbi və Həcərin qızı Zeynəb Nəbi qızı ailənin Azərbaycanda davam edən əsas nəsil qollarından birinin başlanğıcında dayanır.

Onun dəqiq doğum və ölüm tarixləri hazırda müəyyən edilməyib.

Ailə-şəcərə məlumatlarında Zeynəbin həyat yoldaşının adı Əliabbas, bəzi yazılışlarda isə Əlabbas formasında göstərilir. Adın yazılışı hələ möhkəm arxiv sənədi ilə tam dəqiqləşdirilmədiyindən hər iki variantı qeyd etmək daha düzgün görünür.

Zeynəb Nəbi qızı + Əliabbas (Əlabbas)

Ailə yaddaşında bu qolun sonrakı məlum xətti Əliş Məhərrəmov üzərindən davam edir.

ƏLİŞ MƏHƏRRƏMOV — BİR ƏSRİN İKİ MÜHARİBƏSİ ARASINDA

Əliş Məhərrəmov Zeynəb qolundan Qaçaq Nəbi və Həcərin sonrakı nəsil nümayəndəsi kimi göstərilir.

Onun doğum ili müxtəlif materiallarda 1921 və 1923 şəklində fərqli verildiyindən ən ehtiyatlı təqdimat təx. 1921–1923 hesab olunur.

Əliş Məhərrəmov İkinci Dünya müharibəsində iştirak etmiş, yaralanmış və orden-medallarla doğma yurda qayıtmışdır.

Onun həyatı 31 avqust 1993-cü ildə Qubadlıda, rayonun işğal olunduğu ağır günlərdə sona çatdı.

Burada insanı düşündürən ağır bir tarixi paralel yaranır. XIX əsrdə silahlı mübarizənin içində yaşayan bir ailənin nəslindən gələn insan təxminən yüz il sonra yenidən öz torpağında müharibənin içində idi.

İLQAR MƏHƏRRƏMOV — QARABAĞ DÖYÜŞLƏRİNDƏ NÖVBƏTİ NƏSİL

Əliş Məhərrəmovun oğlu İlqar Məhərrəmovdur.

İlqar da ailənin hərbi taleyindən kənarda qalmayıb. O, Birinci Qarabağ müharibəsində iştirak etmiş və yaralanmışdır.

Onun qızı Həcər Əkbərova ailənin müasir dövrdə bu nəsil yaddaşını yaşadan nümayəndələrindən biridir.

Qaçaq Nəbi + Həcər → Zeynəb + Əliabbas (Əlabbas) → Əliş Məhərrəmov → İlqar Məhərrəmov → Həcər Əkbərova

BİR OCAQ — DÖRD ÖLKƏ, BİR YADDAŞ

Bu ailə tarixinə bütöv baxdıqda ən düşündürücü mənzərə onun sonrakı coğrafiyasında görünür.

Nəbi və Həcərin nəsil izləri Azərbaycanda — Mollu və Qubadlıda; Türkiyədə — İğdır, Qars və Sarıqamışda; İranda — Maku bölgəsində; Avstraliyada isə Melburnda qarşımıza çıxır.

Tarix onları müxtəlif istiqamətlərə aparıb. Sərhədlər dəyişib, dövlətlər dəyişib, ailələr köçüb, insanlar bir-birindən minlərlə kilometr uzaqda yaşayıblar.

Amma bütün bu yolların içində dəyişməyən bir başlanğıc nöqtəsi qalıb:

Mollu.

NƏSLİN BÜTÖV XƏRİTƏSİ

Köçəri — təx. 1790

Məhəmməd Köçəri oğlu — təx. 1818
→ İsmayıl — təx. 1838
→ Xancan — təx. 1859
→ Usub — təx. 1861
→ Xudaverdi — təx. 1869

Alməmməd Köçəri oğlu — təx. 1824; ö. 1874–1886 arası
→ Məhərrəm — təx. 1845
→ Məmməd — təx. 1883
→ Qaçaq Nəbi — təx. 1851–1854 – 12 mart 1896, Larin/Larni yaxınlığı
→ Mehdi — təx. 1871 – 20 iyul 1894, Qarçıvan
→ Zeynəb Alməmməd qızı

Həcərin ata xətti

Əsəd — təx. 1800–1815
→ Molla Xanəli Əsəd oğlu — təx. 1839

Xanəlinin qardaşları:
→ Məmmədalı Əsəd oğlu — təx. 1844
→ Allahverən Əsəd oğlu — təx. 1866

Molla Xanəlinin müəyyən edilən ailə xətti:
→ Məhəmməd Molla Xanəli oğlu — 10 il katorqa
→ Həcər — 1860–1914
→ Mehri — sonrakı mənbələrdə bacısı və ya yaxın ailə üzvü kimi təqdim olunur

Həcərin həyat yoldaşları:
→ I — Qaçaq Nəbi
→ II — Həmzə

Nəbi və Həcərin nəsil qolları:

Xəlil → Ziyad → Bəhram

Əhməd → Mehralı → Mehmet Elturan → 3 övlad → 8 nəvə

Zeynəb + Əliabbas (Əlabbas) → Əliş Məhərrəmov → İlqar Məhərrəmov → Həcər Əkbərova

SON SÖZ — DASTANIN ARXASINDAKI BÖYÜK AİLƏ

Qaçaq Nəbiyə və Həcərə yalnız dastanın içindən baxsaq, onların tarixinin yalnız bir hissəsini görərik.

Şəcərənin içinə daxil olduqda isə mənzərə tamam dəyişir.

Orada artıq yalnız əlində silah Nəbi və at belində Həcər yoxdur. Orada Köçəri var, Məhəmməd var, Alməmməd var; Məhərrəm, Mehdi, Zeynəb, İsmayıl, Xancan, Usub, Xudaverdi var. Əsəd, Xanəli, Məhəmməd, Mehri, Xəlil, Əhməd, Mehralı, Ziyad, Bəhram, Əliş və sonrakı nəsillər var.

Tarixi canlı edən də budur.

Bir insan dünyadan köçür, amma onun adı ailəsinin yaddaşında qalır. Həmin yaddaş övladdan nəvəyə, nəvədən nəticəyə keçir. Bəzən yüz ildən sonra başqa ölkədə yaşayan bir uşağın adında yenidən doğulur.

İnsan ömrü məhduddur. Nəsil yaddaşı isə bəzən həm sərhədləri, həm də əsrləri aşır.

Qaçaq Nəbi və Həcərin ailə tarixində bunu aydın görmək mümkündür.

Aşağı Molludan və Yuxarı Molludan başlayan yollar Qarsa, Sarıqamışa, Makuya, Melburna qədər uzandı. Sərhədlər dəyişdi. Dövlətlər dəyişdi. Nəsillər dəyişdi.

Amma yaddaşın başladığı yer dəyişmədi.

O yer — Mollu, Zəngəzur, Qubadlıdır.

İSTİFADƏ OLUNAN ƏSƏRLƏR, ARXİV SƏNƏDLƏRİ VƏ YAZILI QAYNAQLAR

1. Nazir Əhmədli — “Zəngəzur qəzasının Kameral təsviri. 1874-cü il”. Bakı, 2021.

2. Ermənistan Milli Arxivi — Fond 93, siyahı 1, saxlama vahidi 226. 1886-cı il Zəngəzur qəzası, Mollu kəndi Əyal dəftəri.

3. Ermənistan Milli Arxivi — Fond 93, siyahı 1. Zəngəzur qəzasının XIX əsrə aid kameral və əyal materialları.

4. Azərbaycan Respublikası Dövlət Tarix Arxivi — Fond 10, siyahı 1, saxlama vahidi 135.

5. Bəhlul Behcət — “Qaçaq Nəbinin tarixi: vəsiqə və sənədlər üzrə”. Bakı, “Çıraq”, 2011. Tərtibçi və ön söz müəllifi İsrafil Abbaslı; elmi redaktor Əziz Cəfərov.

6. Əhliman Axundov — “Qaçaq Nəbi”. Bakı, 1941.

7. Həsən Qasımov — “Qaçaq Nəbi”. Bakı, 1960.

8. Məhərrəm Qasımlı, Mahmud Allahmanlı — “İzahlı Aşıq Ədəbiyyatı Sözlüyü”.

9. Füzuli Bayat — “Qaçaq folkloru sosial-iqtisadi və siyasi-mədəni kontekstdə”. Bakı, “Elm və təhsil”, 2019.

10. Pavel Vostrikov — “Muzıka i pesnya u azerbaydjanskix tatar”. SMOMPK, XLII buraxılış, Tiflis, 1912.

11. “Kavkaz” qəzeti — XIX əsrin 1890-cı illərində Qaçaq Nəbi və onun dəstəsi ilə bağlı materiallar.

12. Qubadlı, Aşağı Mollu və Yuxarı Mollunun tarixinə dair yerli yazılı materiallar.

13. Hacı Nərimanoğlunun Qaçaq Nəbi, Həcər və onların ailə tarixinə dair araşdırmaları və məruzələri.

14. Mehmet Elturanın Əhməd–Mehralı xətti, Türkiyə–Avstraliya qolu və ailə yaddaşı haqqında verdiyi məlumatlar.

15. Həcər Əkbərovanın Zeynəb–Əliş–İlqar xətti və ailənin Azərbaycan qoluna dair ailə-şəcərə məlumatları.

Əvvəlki Yazı

İran Xarici İşlər Naziri ABŞ-ın iqtisadi əməliyyat diskursunun “təkrarlanan ssenari” olduğunu müdafiə etdi

XƏBƏR LENTİ

Qaçaq Nəbi və Həcər xanım: Arxiv sənədləri işığında ailə tarixi – FOTOLAR

Qaçaq Nəbi və Həcər xanım: Arxiv sənədləri işığında ailə tarixi – FOTOLAR

23 Avqust 2026 / 20:23
2
İran Xarici İşlər Naziri ABŞ-ın iqtisadi əməliyyat diskursunun “təkrarlanan ssenari” olduğunu müdafiə etdi

İran Xarici İşlər Naziri ABŞ-ın iqtisadi əməliyyat diskursunun “təkrarlanan ssenari” olduğunu müdafiə etdi

23 Avqust 2026 / 17:29
6
Prezident lham Əliyev Özbəkistanın “Ali Dostluq Dərəcəsi” ordeni ilə təltif edildi-Foto

Prezident lham Əliyev Özbəkistanın “Ali Dostluq Dərəcəsi” ordeni ilə təltif edildi-Foto

23 Avqust 2026 / 16:53
1
Prezident Əliyevlə Prezident Mirziyoyevin təkbətək görüşü oldu – Fotolar

Prezident Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi

23 Avqust 2026 / 16:47
1
Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi – FOTOLAR

Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi – FOTOLAR

23 Avqust 2026 / 16:44
1
Prezident Əliyevlə Prezident Mirziyoyevin təkbətək görüşü oldu – Fotolar

Prezident Əliyevlə Prezident Mirziyoyevin təkbətək görüşü oldu – Fotolar

23 Avqust 2026 / 16:41
4
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Özbəkistandadır – Fotolar+Video

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Özbəkistandadır – Fotolar+Video

23 Avqust 2026 / 16:33
6
Vüqar Dadaşov: “İslamın Nüfuzunu Zədələyən Əsas Amil Dinin Siyasiləşdirilməsidir”

Vüqar Dadaşov:Türkiyə–İsrail gərginliyi -Yaxın Şərqdə strateji qarşıdurma

23 Avqust 2026 / 16:25
66
Türkiyədə Gənc qadının silahla qaçırıldığı anın görüntüləri ortaya çıxdı

Türkiyədə Gənc qadının silahla qaçırıldığı anın görüntüləri ortaya çıxdı

23 Avqust 2026 / 15:53
12
  ABŞ prezidenti Tramp: “Kanada ABŞ dövləti olmadan dövlət olmanın üstünlüklərindən faydalanmaq istəyir

  ABŞ prezidenti Tramp: “Kanada ABŞ dövləti olmadan dövlət olmanın üstünlüklərindən faydalanmaq istəyir

23 Avqust 2026 / 12:59
1
Vüqar Dadaşov:“İranda Sistem Dəyişərsə, Məkkə Sazişinə Qoşula Bilər”

Vüqar Dadaşov:“Əsas Hədəf İranın Daxili Sabitliyidir”

23 Avqust 2026 / 12:48
71
Göycayda ağır yol-nəqliyyat hadisəsində iki nəfər ölüb – Foto

Göycayda ağır yol-nəqliyyat hadisəsində iki nəfər ölüb – Foto

23 Avqust 2026 / 11:15
18
Almaniya İsrailə qarşı sanksiyalarına icazə verdi

Almaniya İsrailə qarşı sanksiyalarına icazə verdi

23 Avqust 2026 / 10:54
13
Rusiya prezidenti Putin ilk dəfə Kuril adalarına səfər edib

Putin: Axmat Kadırovun adı Rusiya tarixinə əbədi olaraq yazılıb

23 Avqust 2026 / 10:48
10
WP: ABŞ hökuməti 40 trilyon dollarlıq dövlət borcuna görə qeyri-populyar tədbirlər görə bilər

WP: ABŞ hökuməti 40 trilyon dollarlıq dövlət borcuna görə qeyri-populyar tədbirlər görə bilər

23 Avqust 2026 / 9:55
6
Maydandan sonra Ukraynanın xarici dövlət borcu 24 dəfə artıb

Maydandan sonra Ukraynanın xarici dövlət borcu 24 dəfə artıb

23 Avqust 2026 / 9:43
3
Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Moskvaya yaxınlaşarkən 7 pilotsuz təyyarəni vurub

Rusiya Hava hücumundan müdafiə sistemləri bir gecədə Rusiya bölgələri üzərində Ukraynaya məxsus 328 PUA-nı vurub

23 Avqust 2026 / 9:36
17
Qazaxıstan “milli sıfırlama”nın başladığını elan etdi

Qazaxıstan “milli sıfırlama”nın başladığını elan etdi

23 Avqust 2026 / 9:28
6
44 şübhəlinin həbsi istənildi: Alparslan Kuytul və həyat yoldaşı həbs olundu

44 şübhəlinin həbsi istənildi: Alparslan Kuytul və həyat yoldaşı həbs olundu

23 Avqust 2026 / 9:16
8
Ukraynanın bir sıra bölgələrində hava hücumu xəbərdarlığı elan edilib

Ukraynanın bir sıra bölgələrində hava hücumu xəbərdarlığı elan edilib

23 Avqust 2026 / 7:53
6
İsrail: Türkiyə ilə gərginliyi artırmaq niyyətində deyilik

İsrail: Türkiyə ilə gərginliyi artırmaq niyyətində deyilik

23 Avqust 2026 / 7:43
1
Möhsin Rezai:”Bizə qarşı iqtisadi sanksiyalarda iştirak edən istənilən ölkə düşmən sayılacaq”

Möhsin Rezai:”Bizə qarşı iqtisadi sanksiyalarda iştirak edən istənilən ölkə düşmən sayılacaq”

23 Avqust 2026 / 7:34
3
Vüqar Rəhimzadə: Azərbaycan-Özbəkistan münasibətləri möhkəm bünövrə üzərində müttəfiqlik səviyyəsinə yüksəlib

Vüqar Rəhimzadə: Azərbaycan-Özbəkistan münasibətləri möhkəm bünövrə üzərində müttəfiqlik səviyyəsinə yüksəlib

22 Avqust 2026 / 12:17
6
Rusiyadan Bakıya uçmalı olan təyyarələr havaya qalxa bilmir 

Rusiyadan Bakıya uçmalı olan təyyarələr havaya qalxa bilmir 

22 Avqust 2026 / 11:24
14
“Politico”:”Fransada keçirilən prezident seçkiləri NATO daxilində parçalanma riski yaradır”

“Politico”:”Fransada keçirilən prezident seçkiləri NATO daxilində parçalanma riski yaradır”

22 Avqust 2026 / 9:41
3
Əməkdar jurnalist Nurani (Tofiqəxanım) Qasımova vəfat etdi

Əməkdar jurnalist Nurani (Tofiqəxanım) Qasımova vəfat etdi

22 Avqust 2026 / 9:29
7
Sumqayıtda bıçaqlanma hadisəsi baş verib

Bakıda dəhşətli qətl- 31 yaşlı qardaşını bıçaqlayaraq öldürdü

22 Avqust 2026 / 9:23
18
Rusiya ordusu Kiyevdə Darnitsa lokomotiv deposunu vurub

Rusiya ordusu Kiyevdə Darnitsa lokomotiv deposunu vurub

22 Avqust 2026 / 9:13
8
ABŞ və TikTok “uşaq məxfiliyi” məsələsində razılığa gəliblər

ABŞ və TikTok “uşaq məxfiliyi” məsələsində razılığa gəliblər

22 Avqust 2026 / 9:03
11
Rusiya Ukraynaya zərbələr endirdi-16 ölü,130 yaralı-Fotolar

Rusiya Ukraynaya zərbələr endirdi-16 ölü,130 yaralı-Fotolar

22 Avqust 2026 / 8:56
11
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.