Balakəndə dörd nəfərin ölümü ilə nəticələnən zəncirvari qəzanın təfərrüatı məlum olub.
Avropa.info xəbər verir ki, “Hyundai” markalı avtomobilin sürücüsü 1997-ci il təvəllüdlü Məryəm Hoorsova banklardan birinin Balakən rayon şöbəsinin məsul əməkdaşı olub. O, Katex kəndindən rayon mərkəzinə iş yerinə gedirmiş.
M.Hoorsova cəmi iki ay əvvəl avtomobil alıbmış və bu onun ilk maşını olub. O, yolda hərəkətdə olarkən yolun kənarında marşrut avtobusu gözləyən həmkəndlisi 1965-ci il təvəllüdlü Şərif Siracəddin oğlu Soltanovu görüb. Avtomobili saxlayan Məryəm fiziki qüsurlu Şərif Soltanovu da özü ilə götürərək rayon istiqamətində hərəkətinə davam edib.
O, yolda TIR yük avtomobilini ötmək istəyərkən qarşı hərəkət zolağına çıxıb və bu vaxt öz yolu ilə gələn “Toyota” markalı avtomobillə toqquşub. Daha sonra “KİA” markalı avtomobil də qarşı-qarşıya toqquşan maşınlara çırpılıb.
Hadisə nəticəsində “Hyundai” markalı avtomobilin sürücüsü Məryəm Kamil qızı Hoorsova, “Toyota” markalı avtomobildə olan sərnişinlər – 1974-cü il təvəllüdlü Pərvanə Zahid qızı Məmmədova, 1999-cu il təvəllüdlü Rəşad Yaşar oğlu Mütəllibov hadisə yerində ölüblər, “Toyota”nın sürücüsü 1975-ci il təvəllüdlü Yaşar Mahamarəsul oğlu Mütəllibov və 1965-ci il təvəllüdlü Şərif Siracəddin oğlu Soltanov xəsarət alıblar. Y.Mütəllibov bu gün xəstəxanada dünyasını dəyişib.
Məlumata görə, “Toyota” markalı avtomobildə olan Y.Mütəllibov və P.Məmmədova ər-arvad olublar. Rəşad Mütəllibov isə onların övladıdır. Ailə Balakən rayonundan Goranboy rayonuna, qohumlarına dəvətnamə aparırmış. Qəzada həlak olan Rəşad Mütəllibovun avqustun 28-də toyu olacaqmış.
































