Nepalın Çin sərhədinə yaxın Rasuva bölgəsində və ətrafında meydana gələn seldə həyatını itirənlərin sayının 939-a yüksəldiyi açıqlanıb.
Nepalın Çin sərhədinə yaxın bölgələrini təsir edən fəlakət səbəbilə sel sularına düşənlərin xilası üçün işlər davam edir.
Avropa.info xəbər verir ki, Nepal Milli Fəlakət Riskinin Azaldılması və İdarəetmə Təşkilatı ölənlərin sayının 939-a, itkin sayının isə 592-si xarici vətəndaş olmaqla 3 min 925-ə yüksəldiyini açıqlayıb.
Nepaldan texniki avadanlıq və materiallar üçün sorğu
Nepal Xarici İşlər Nazirliyindən verilən açıqlamada, Hindistan, Çin, Yaponiya, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Cənubi Koreya və digər ölkələrdən dondurucu, generator, günəş enerjisi ilə işləyən lampalar, DNT test dəstləri, təcili yardım avadanlığı, çadır, ədyal, yuxu kisəsi, qida və dərman kimi axtarış-xilasetmə və yardım materiallarının gətirildiyi vurğulanıb.
Açıqlamada, xilasetmə işlərinə dəstək olmaq üçün ABŞ-dan texniki avadanlıq, o cümlədən DNT test dəstləri, Çin və Sinqapurdan isə körpü sistemləri və yüksək tutumlu pilotsuz uçuş aparatları (PUA) tələb edildiyi bildirilib.
Açıqlamada qeyd olunub ki, oxşar xüsusi material və texniki avadanlıqların Yaponiya və Cənubi Koreyadan çox yaxın vaxtlarda gəlməsi gözlənilir.
Digər tərəfdən, Nepalda baş verən sel səbəbiylə Çinin Tibet Muxtar Bölgəsində həyatını itirənlərin sayının 16-ya yüksəldiyi bildirilib.
Mütəxəssislər buzlaqların çökməsinə işarə edir
Nepalın Rasuva bölgəsində avqustun 26-da daşqın baş verib və sel suları səbəbindən onlarla körpünün dağıldığı, yolların zədələndiyi, axtarış-xilasetmə işlərinə helikopterlərin göndərildiyi bildirilib.
Bölgədə ilk zəlzələnin daşqından əvvəl baş verdiyini açıqlayan ABŞ Geoloji Xidməti məlumatlarını yeniləyərək 5,2 bal gücündə seysmik hərəkətin mənbəyinin buzlaqların çökməsi olduğunu açıqlayıb.
Qərargahı Katmanduda yerləşən Beynəlxalq Dağ İnkişafı Mərkəzinin mütəxəssisləri daşqının bölgədəki dağlıq ərazidən qopan buzlaq parçaları ilə törədilən qar uçqunu nəticəsində baş verdiyini bildiriblər.



