Müharibənin davam etməsinə baxmayaraq, ABŞ İranın yüksək rütbəli dövlət məmurları və diplomatlarına Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək müzakirələrində iştirak etmək üçün viza verilməsini təsdiqləyib.
Avropa.info xəbər verir ki, ABŞ Dövlət Departamentindən verilən açıqlamada İranla müharibənin davam etdiyi bir vaxtda İranın yüksək səviyyəli rəsmilərinə, o cümlədən bu ölkənin prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Erakçiyə gələn həftə Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasının yüksək səviyyəli iclasında iştirak etmək üçün lazımi vizaların verildiyi paylaşılıb.
Ölkənin milli mətbuatında yayılan xəbərlərdə İran və ABŞ arasında münaqişənin 6 aydan artıqdır davam etdiyi və Hörmüz boğazı ilə bağlı mübahisənin həllindən və ya İranın nüvə proqramı ilə bağlı danışıqlara qayıtmaqdan əsər-əlamət qalmadığı üçün bu inkişafın “qeyri-adi vəziyyət” olduğu şərh edilib.
Sözügedən inkişafın ABŞ-ın İran tərəfindən dəstəkləndiyini iddia etdiyi yəmənli husilərin Qırmızı dənizdə hücumlarının artdığı bir vaxtda baş verməsi də diqqət çəkib.
BMT-nin iclaslarına ev sahibliyi edən Birləşmiş Ştatlar əslində xarici liderlərin BMT-nin Nyu-Yorkdakı Baş Qərargahına gəlməsinin qarşısını almaq üçün məhdud səlahiyyətlərə malikdir. Digər tərəfdən, keçmişdə ABŞ aktiv münaqişəsi və ya xarici siyasətində fikir ayrılığı olduğu ölkələrin liderlərinə viza verməkdən imtina edib.






























