ŞƏHİDLƏRİ UNUTMAYAQ!
Avropa informasiya agentliyinin ŞƏHİDLƏRİ UNUTMAYAQ səhvəsindən.
II Qarabağ-Vətən müharibəsi şəhidi, baş leytenant Abbasov Ağaqardaş İlham oğlu.
Abbasov Ağaqardaş İlham oğlu 28 sentyabr 1992-ci ildə Zərdab rayonu, Hüseynxanlı kəndində anadan olub. Ağaqardaş Azərbaycan Dövlət Pedaqoji Universitetini Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə bitirib.
Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə ali təhsil alsa da, hərbiyə olan marağı onun hərbçi olmasına səbəb olmuşdu.
O, istər məktəb, istərsə də tələbəlik illərində nümunəvi davranışı, yüksək etikası ilə hər kəsə örnək olub.
Vətən müharibəsinin başlandığı ilk gündən ön cəbhədə xidmətə yollanan baş leytenant Ağaqardaş Abbasov ağır döyüşdə iştirak edib və qəhrəmanlıq göstərib.
Füzuli istiqamətində gedən ağır döyüşlər zamanı ayağından qəlpə yarası alan baş leytenant döyüş meydanından geri çəkilməyib. Özü yaralı olduğu halda digər yaralı əsgər və zabitləri döyüş meydanından çıxarmaq üçün də çalışıb. Baş leytenant Ağaqardaş Abbasov 28 sentyabr 2020-ci il tarixində snayper gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olub.
Şəhidimiz ailəli idi. Qəhrəmanımızın şəhadətindən sonra dünyaya gələn qız İlknur balamız Vətənə əmanətdir.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah şəhidlərimizə rəhmət eləsin. Ruhunuz şad olsun.
Avropa.info