Siyasət

Məhəmməd Əsədullazadə:“​Böyük Britaniya Cənubi Qafqaz və Mərkəzi Asiyada yeni geostrateji siyasət həyata keçirməyə çalışır”

13 Noyabr 2026, 13:15400
Reklam728x90
Reklam320x100

Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması iki ölkə münasibətlərində yeni siyasi, iqtisadi və müdafiə əməkdaşlığı mərhələsinin başlanğıcıdır. Regionda formalaşan yeni geosiyasi nizam fonunda növbəti mərhələdə tərəflər arasında strateji müttəfiqlik haqqında daha geniş sənədin imzalanması da gündəmə gələ bilər.

Avropa.info xəbər verir ki, bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, politoloq Məhəmməd Əsədullazadə Bakı və London arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasını, eləcə də Azərbaycanın Qərbin aparıcı dövlətləri ilə müttəfiqlik perspektivlərini şərh edərkən bildirib.

Londonun yeni geostrateji kursu və regional layihələr

Başqan müavini Böyük Britaniyanın Cənubi Qafqaz və Mərkəzi Asiya siyasətinə, eləcə də sənədin regional proseslərə təsirinə diqqət çəkib:

“Böyük Britaniya Cənubi Qafqaz və Mərkəzi Asiyada yeni geostrateji siyasət həyata keçirməyə çalışır. Uzun illərdir ki, enerji təhlükəsizliyi və iqtisadi sahələrdə sıx əməkdaşlıq edən London artıq bu münasibətləri daha yüksək səviyyəyə qaldırmaq kursunu seçib. Xartiyanın imzalanması Ermənistanla Azərbaycan arasında sülh prosesinə müsbət töhfə verə bilər. Eyni zamanda, Azərbaycanın iştirak etdiyi regional nəqliyyat, enerji və kommunikasiya layihələrinin daha sürətli reallaşmasına əlavə siyasi dəstək yarada bilər”.

Almaniya ilə də analoji sənəd imzalanmalıdır

Ekspert Qərbin digər aparıcı dövlətləri, xüsusilə Berlinlə münasibətlərin dərinləşdirilməsinin vacibliyini vurğulayıb:

“Azərbaycan Böyük Britaniyadan sonra Almaniya ilə də analoji strateji sənədin imzalanması istiqamətində addımlar atmalıdır. Almaniya da Cənubi Qafqaz və Mərkəzi Asiyaya münasibətdə fəal siyasət yürüdür. Bu baxımdan, Azərbaycan Berlinlə siyasi və iqtisadi əlaqələri dərinləşdirməklə yanaşı, hərbi-texniki əməkdaşlığın genişləndirilməsinə də çalışmalıdır. Ümumilikdə, Qərb ölkələri ilə münasibətlər strateji tərəfdaşlıqdan daha yüksək müttəfiqlik səviyyəsinə qaldırılmalıdır”.

Rusiya və İran təzyiqlərinə qarşı manevr imkanları

Şərhçiə Qərblə strateji yaxınlaşmanın ölkəmizin təhlükəsizliyi və xarici siyasət balansı üçün əhəmiyyətini dəyərləndirərək fikirlərini yekunlaşdırıb:

“Böyük Britaniya ilə əlaqələrin bu istiqamətdə inkişafı Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə və regional təhlükəsizlik arxitekturasında rolunun artmasına xidmət edir. Qərbin aparıcı dövlətləri ilə strateji münasibətlərin dərinləşdirilməsi Azərbaycana qarşı formalaşan təzyiqlərin neytrallaşdırılması baxımından da mühüm əhəmiyyət daşıyır. Xüsusilə Rusiya və İrandan qaynaqlanan siyasi və geosiyasi təzyiqlər fonunda Qərblə əlaqələrin gücləndirilməsi xarici siyasət manevr imkanlarımızı genişləndirir”.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600