Banqladeşdə mart ayının ortalarından bəri davam edən epidemiyada qızılca şübhəsi ilə ölən uşaqların sayının 1201-ə yüksəldiyi bildirilib.
Avropa.info xəbər verir ki, Dhaka Tribune qəzetinin məlumatına görə, Banqladeş Səhiyyə Nazirliyi yanında Səhiyyə Xidmətləri Baş İdarəsi ölkədə qızılca epidemiyası ilə bağlı cari məlumatları açıqlayıb.
Açıqlamada bildirilib ki, martın 15-dən indiyədək ölkədə qızılcaya bənzər əlamətlər göstərən 1097 uşaq və qızılca diaqnozu qoyulan 104 uşaq ölüb.
Açıqlamada qeyd olunub ki, eyni dövrdə qızılca şübhəsi ilə 190 min 663 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 183 min 42 nəfər sağalaraq evə buraxılıb.
Açıqlamada qızılcaya bənzər əlamətlər göstərənlərin sayının 214 min 551-ə, qızılcaya yoluxma hallarının isə 23 min 157-yə çatdığı vurğulanıb.
O da bildirilib ki, son 24 saat ərzində 1307 şübhəli və 35 təsdiqlənmiş qızılca hadisəsi aşkar edilib.
Mart ayından ölkədə başlanan fövqəladə peyvənd kampaniyasında 6 aydan 5 yaşa qədər olan uşaqlara üstünlük verilib və peyvənd prosesi daha sonra tədricən bütün ölkəni əhatə edəcək şəkildə genişləndirilib.
Pnevmoniya və ensefalopatiyaya səbəb ola bilən qızılca bütün dünyada peyvəndlə qarşısı alına bilən ölümlərin əsas səbəblərindən biri kimi önə çıxır.




























